İsraili Azərbaycana yaxınlaşdıran 3 SƏBƏB

İsraili Azərbaycana yaxınlaşdıran 3 SƏBƏB

İsrailin Baş naziri Benyamin Netanyahu mayın 8-də Azərbaycana səfər edəcək.

Bu barədə “The Times of Israel” məlumat yayıb.

Səfər çərçivəsində Netanyahu Azərbaycan Prezidenti İlham Əliyev və yəhudi icmasının üzvləri ilə görüşəcək.

Qeyd edək ki, bu, Netanyahunun Azərbaycana səfər edəcəyinə dair yayılan ikinci xəbərdir. “İsrail Hayom” nəşri aprelin 23-də bu barədə açıqlama yaysa da, İsrailin Azərbaycandakı səfirliyi onlarda belə bir məlumatın olmadığını bildirmişdi.

Çox güman ki, səfirlikdə bu haqda məlumat olsa da, səfərlə bağlı məlumatın maksimum məxfi saxlanılması təhlükəsizlik tədbirləri ilə bağlı olub.

Hələlik hər  iki tərəfdən rəsmi açıqlama verilməməsi də məhz qeyd edilən səbəblə izah oluna bilər. 

Xatırladaq ki, Benyamin Netanyahu Azərbaycana sonuncu dəfə 2016-cı ildə səfər edib. Onun bu dəfə Bakıya gəlişi İsrailin Cənubi Qafqaza marağının artması ilə izah oluna bilər.

Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra bölgədə tamamilə yeni geosiyasi vəziyyət yaranıb. Azərbaycan Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasının formalaşmasında İsrailin iştirakında maraqlıdır. Bu isə Yaxın və Orta Şərqdə İranla geosiyasi qarşıdurmanın artması fonunda  İsraili qane edir. Eyni zamanda, İsraillə strateji tərəfdaşlıq Azərbaycana təhlükəsizlik zəmanəti yaradır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artdığını nəzərə alsaq, rəsmi Bakı ilə əlaqələri dərinləşdirmək İsrail üçün çox vacibdir.

Azərbaycanın "İbrahim Sazişləri"nə qoşulacağına dair yayılan məlumatlar İsrailin İslam aləmində tərəfdaşlarının sayını artırmaq baxımından mühüm addım ola bilər. Böyük ehtimalla, Netanyahunun Bakıya səfəri zamanı bu məsələyə də aydınlıq gətiriləcək. Qeyd edək ki, hıəm İslam dünyasının, həm də Yaxın Şərqin  ən böyük dövlətlərindən biri Türkiyədir.  Hazırda İsraillə münasibətləri gərgin olan Türkiyə Azərbaycanın müttəfiqidir.

Azərbaycan isə Cənubi Qafqazın təhlükəsizlik arxitekturasının qurulmasında həm Türkiyənin, həm də İsrailin iştirakını istəyir. Bu baxımdan, Azərbaycanla əlaqələr hər iki ölkə üçün ortaq sülh və əməkdaşlıq platforması rolunu oynaya bilər. Son vaxtlar Azərbaycanın vasitəçiliyi ilə Türkiyə və İsrail arasında təhlükəsizlik, müdafiə sahəsində münasdibətlərin normallaşmasına dair danışıqların aparılması bunu bir daha təsdiq edir.

Netanyahunun Bakıya səfərini zəruri edən səbəblərdən biri də çox güman ki, Yaxın Şərqdə Türkiyə ilə hərbi toqquşma vəziyyətini aradan qaldırmaq üçün Azərbaycanın vasitəçilik və tərəfdaşlıq missiyasından faydalanmaqdan ibarətdir. 
İsraili cəlb edən digər səbəb Azərbaycanın  bölgədə geoiqtisadi rolunun artması ilə izah oluna bilər.

Hazırda Azərbaycanın Çin-Mərkəzi Asiya-Cənubi-Qafqaz-Avropa nəqliyyat və ticarət yolunun üzərində əsas dəhliz rolu oynaması görünür, İsrailin də diqqətini cəlb edib. “Orta dəhliz”in Şimal-Cənub nəqliyyat dəhlizi ilə kəsişməsində yerləşən dost Azərbaycanla münasibətləri müttəfiqlik səviyyəsinə qaldırmaq İsrail üçün həm siyasi, həm də iqtisadi divident gətirə bilər. 

Digər vacib məqam Azərbaycanla İsrail arasında neft-qaz sektorunda əməkdaşlığın dərinləşməsi ilə bağlıdır. SOCAR-ın İsrailin qaz yataqlarında kəşfiyyat-qazma işlərinə başlaması ikitərəfli münasibətlərin tamamilə yeni mərhələyə daxil olmasına gətirib çıxarıb. Əgər Ankara ilə Təl-Əviv arasında münasibətlər normallaşsa, gələcəkdə İsrail qazı Türkiyə üzərindən Avropa İttifaqına nəql oluna bilər. Yəni, hər iki məsələdə-həm təbii qaz hasilatı, həm də Türkiyə ilə barışın əldə edilməsində Azərbaycanın aparıcı rol aldığını görmək mümkündür. 

Müşfiq Abdulla    
“Cebheinfo.az”