Çin səfiri: "Vaşinqtonun tarifləri Pekini qorxutmayacaq"

ABŞ ikitərəfli ticarət qərarları ilə Çini qorxuda bilməyəcək və Vaşinqton bu məsələlərlə bağlı danışıqlar aparmaq istəyirsə, Pekinlə bərabər hüquqlu dialoq qurmalıdır.
“Report” TASS-a istinadən xəbər verir ki, Çinin ABŞ-dəki səfiri Se Fen səfirliyin açıq qapı günündə çıxışı zamanı ABŞ administrasiyasına belə bir xəbərdarlıq edib.
Onun sözlərinə görə, gömrük rüsumlarının artırılması heç kimə sərf etmir: "Bu, biznesləri sabitsizləşdirir, xərcləri artırır, maliyyə bazarlarına zərbə vurur və qlobal iqtisadi artımı ləngidir. Tarif müharibəsini Çin başlamadı. Biz döyüşmək istəmirik. Lakin qorxmayacağıq. Biz təkcə öz qanuni hüquq və maraqlarımızı deyil, həm də beynəlxalq ticarət nizamını müdafiə edirik. Əgər ABŞ danışıqlar aparmaq istəyirsə, bunu bərabərlik, hörmət və qarşılıqlılıq ruhunda etməlidir".
"Cebheinfo.az"