Pezeşkianın Bakı səfərinin böyük sirri: Ermənistana qarşı plan var

Pezeşkianın Bakı səfərinin böyük sirri: Ermənistana qarşı plan var

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri, iki ölkə arasındakı münasibətlərin gələcək istiqaməti baxımından xüsusi önəm daşıyır.

Bu səfər, bölgədə dəyişən siyasi dinamikanın və Bakı-Tehran əlaqələrinin yeni mərhələyə qədəm qoymasının siqnalı kimi qiymətləndirilir.Səfərin gündəliyi və müşayiət edən nümayəndə heyətinin tərkibi, tərəflər arasında müzakirə olunacaq mövzuların əhatəliliyindən xəbər verir.

Səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyini təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr və digər mövzular ətrafında müzakirələrin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.

Bəs Azərbaycan-İran münasibətlərində son dövrlərdə müşahidə olunan gərginlik fonunda bu səfərdən sonra hansı konkret dəyişikliklər gözlənilə bilər?

Mövzu ilə bağlı "Cebheinfo.az" açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev bildirib ki, hər iki tərəfin müəyyən gözləntiləri var və məhz Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri Azərbaycan-İran münasibətlərində strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir:

"Çünki bu səfərin həm İsrail-İran, həm Türkiyə-İran, həm də Azərbaycan-İran arasında münasibətlərin normallaşması baxımdan çox önəmlidir. Eyni zamanda, Rusiya-Ukrayna məsələsində də İranın öz mövqeyi var və bu proseslərin həlli bütövlükdə bəşəriyyət üçün böyük önəm daşıyır”.

O qeyd edib ki, iqtisadi baxımdan da İranla Azərbaycan arasında bir sıra məsələlərin region ölkələrinin iştirakı ilə həll edilməsi vacibdir.

Onun sözlərinə görə, iqtisadi əlaqələrin genişləndirilməsi, yolların, infrastruktur layihələrinin, körpülərin tikilməsi və iqtisadi potensialdan qarşılıqlı istifadə olunması böyük əhəmiyyət daşıyır:

"Siyasi məsələlərə gəldikdə, Zəngəzur dəhlizinin açılması, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün təsir mexanizmlərindən istifadə edilməsi, bölgədə sülhün bərqərar olunması istiqamətində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Son vaxtlar İranın xüsusi xidmət orqanlarının radikal dini qurumlarla bağlı Azərbaycanda müəyyən təxribat cəhdlərinin qarşısının alınması məsələsi də aktualdır.

Narkotik vasitələrin İran ərazisindən Azərbaycana keçməsi kimi problemlərin aradan qaldırılması da mütləq danışıqların gündəmində yer almalıdır. Digər mühüm məsələ isə səfirliyimizə edilən hücumdan sonra məsuliyyət daşıyan şəxslərin cəzalandırılması ilə bağlıdır. Bu istiqamətdə konkret addımların atılması vacibdir.

Mədəni məsələlərə gəldikdə, İran ərazisində yaşayan 30 milyona yaxın azərbaycanlının Azərbaycanla mədəni və mənəvi əlaqələrinin qorunub saxlanması üçün ciddi işlərin görülməsi zəruridir. Bu məsələ də görüş zamanı müzakirə oluna bilər.

Ümumilikdə bu səfər hərbi, iqtisadi, siyasi, dini və mənəvi baxımdan çox böyük əhəmiyyət daşıyır. İran Azərbaycanın böyük sərhəd qonşusudur və dini-mədəni yaxınlıq da mövcuddur. Bütün bu məsələlərin müsbət həlli hər iki tərəf üçün önəmlidir.

Hazırkı beynəlxalq vəziyyətdə, qlobal düzənin pozulduğu bir vaxtda İran Prezidentinin Azərbaycana səfəri mühüm siqnallar verir. Azərbaycan İran üçün vacib qonşu dövlətdir və bir sıra məsələlərdə vasitəçi rolunu oynaya bilər. İran da bunu yaxşı anlayır və görünən odur ki, bu səfərin yüksək səviyyədə keçirilməsində maraqlıdır".

Səbinə Uğur
"Cebheinfo.az"