“Hər dövlət Azərbaycan kimi çoxvektorlu siyasət apara bilmir” – Türkiyəli generalla MÜSAHİBƏ

“Cebheinfo.az”-ın “Türk Söhbəti” layihəsinin buhəftəki qonağı Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauzdur.
Onunla Hindistan-Pakistan gərginliyi, ABŞ-İran danışıqları və İsrailin İranı vurma ehtimallarını müzakirə etdik. Həmçinin, generalla Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri fonunda ölkəmizin dünyada artan nüfuzundan da bəhs etdik:
- Yücel bəy, son günlərdə Hindistanla Pakistan arasında yaşanan gərginliyin hərbi toqquşma və ya müharibəyə çevrilmə ehtimalı var?
- Onsuz da uzun illərdir Hindistan və Pakistan arasında ərazi iddialarına görə gərginlik davam edir. Bu cəhətdən keçən həftə yaşanılan gərginliyin genişmiqyaslı toqquşmaya çevriləcəyini zənn etmirəm. Mən bu hadisələrin daha əvvəlkilərdən fərqlənməyəcəyi təqdirdə, sadəcə qısamüddətli toqquşma riski daşıdığını, sonra isə dayanacağını düşünürəm. Çünki həm Hindistan, həm də Pakistan nüvə silahına sahibdir. Bu səbəbdən də meydana gələcək toqquşma genişmiqyaslı müharibəyə çevrilməz. Sadəcə lokal toqquşma ola, ən pis halda isə qısamənzilli kiçik nüvə silahlarından istifadə edilə bilər.
Hindistanın hərbi və iqtisadi gücü Pakistandan çoxdur. Quruda, dənizdə və havada Hindistan güclüdür. Fəqət Pakistan beynəlxalq əlaqələrini inkişaf etdirdiyi üçün ciddi siyasi dəstəyi var. Üstəlik, dünya da hazırda həmin bölgədə müharibənin olmasını istəmir. Hindistan indiki şəraitdə şərtlərin yeni ərazilər qazanması üçün uyğun olduğunu düşünə bilər. Ancaq Pakistan və dünya buna icazə verməyəcək. Nəticədə, tərəflər arasında lokal toqquşma ola bilər, amma müharibəyə çevrilməz.
- ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Rusiya-Ukrayna müharibəsinin dayana biləcəyini düşünürsünüz?
- Əslində, Rusiya-Ukrayna müharibəsi əvvəlcədən hazırlanıb. Rusiya 2014-cü ildə Krımı ilhaq edərək bu müharibəni planlayıb. Qərb isə Ukraynanı daha əvvəl itirdiyi ərazilərini almaq üçün müharibəyə təhrik etdi, habelə ciddi maddi və hərbi dəstək verdi. Lakin hərbdə hesablama və müqayisə mütləqdir. Yəni müharibə aparan ölkə öz imkanları ilə yanaşı, qarşı tərəfin də gücünü yaxşı hesablamalıdır. Ukrayna isə bunların heç birini hesablamadı və ABŞ-dəki Co Bayden hakimiyyətinə həddindən artıq dərəcədə güvəndi.
Nəzərə almaq lazımdır ki, Donald Tramp böyük hədəfləri olan, “öncə Amerika” deyən bir liderdir. O, ABŞ-nin əsas mübarizəsinin Çinlə olacağını düşündüyü üçün Rusiya və bənzər ölkələrlə müəyyən güzəştlər qarşılığında balanslı siyasət aparmaq istəyir. Bundan başqa, ABŞ Rusiyanın ona qarşı çıxmaması və Çinin yanında yer almaması qarşılığında müəyyən güzəştə gedəcək. Görünür, rəsmi Moskva bu məsələdə tərəfsiz qalması qarşılığında hansısa güzəştlərlə bağlı təminat alıb.
- Bütün bunların fonunda Rusiya-Ukrayna müharibəsi qısa zaman ərzində dayana bilər?
- Fikrimcə, hazırda sözügedən müharibə iki faktora görə dayanmır. Birincisi, Qərbin hələ də Ukraynaya dəstək verməsi, ikincisi isə Rusiyanın işğal etdiyi əraziləri öz torpaqlarına qatmağa çalışmasıdır. Bu səbəblərə görə tərəflər arasında atəşkəs və ya sülh müqaviləsi imzalanmır.
Əslində, Kiyev hakimiyyətinin mövcud vəziyyətdən razı olduğu görünür. Çünki Ukrayna bu müharibəni davam etdirəcək gücdə deyil. Rusiya isə bunu fürsətə çevirməyə çalışır. Əvvəllər sanki Rusiyanın sülhə razı olduğu, ancaq Ukraynanın buna əngəl yaratdığı görüntüsü formalaşdırılmışdı.
Hərçənd ki, Ukrayna atəşkəsə razı olsa da, Rusiya və Avropa buna qarşı çıxır. Əgər Rusiya bu mövqeyinə davam edərsə, ona qarşı tətbiq olunan sanksiyalar daha da ağırlaşdırıla bilər. Hesab edirəm ki, qarşıdakı 2 həftə ərzində atəşkəs elan olunacaq, daha sonra isə sülh müqaviləsi ilə bağlı danışıqlar başlayacaq. Hazırda İranla ABŞ nümayəndə heyətləri arasında danışıqlar aparılır. Daha əvvəl keçirilən bəzi danışıqlar nəticəsiz yekunlaşmışdı.
- Sizcə, İran-ABŞ danışıqları yenə də nəticəsiz başa çatacaq, yoxsa?
- Bəli, bu danışıqlar nəticəsiz başa çata bilər. Çünki həm İranın daxilində, həm də xaricində sözügedən müzakirələrin nəticəsiz yekunlaşmasını istəyən qüvvələr var. Eyni zamanda, İsrail də bu prosesin uğursuz olmasını istəyir. Çünki İsrail danışıqlar nəticəsində İranın nüvə silahına sahib olmaq hədəfindən vaz keçəcəyinə inanmır. Ona görə bir an əvvəl İrana zərbə endirilməsinə çalışır. ABŞ isə İranın nüvə silahı yaratma potensialını azaltmağı və uzunmənzilli ballistik raket istehsal etmə qabiliyyətini bitirməyi hədəfləyir.
Bütün bunların fonunda düşünürəm ki, İran-ABŞ danışıqları yarımçıq qala və uğursuz ola bilər. Fəqət İranın da artıq dayanacaq gücü qalmayıb. Onsuz da tətbiq olunan sanksiyalara görə iqtisadiyyatı çox pis vəziyyətdə olan İranın artıq bu gərginliyi daha çox davam etdirə bilməsi mümkün deyil. Hətta danışıqlar müsbət nəticələnsə belə, İranın nüvə silahı əldə etmə və ballistik raket həvəsindən imtina edəcəyinə inanmıram.
Bu isə uzaq perspektivdə ABŞ, İsrail və Böyük Britaniyanın İrana qarşı hərbi əməliyyatlara başlamasına səbəb ola bilər. İranda dini cameə və İslam İnqilabı Keşişçiləri Korpusu (SEPAH) ABŞ ilə razılıq istəmir. Çünki danışıqların yekunlaşacağı təqdirdə, onların daxili statusuna ziyan olacağını düşünürlər. Ona görə də daxildə də bir çox terror və ya sui-qəsdlər ola bilər.
- Son zamanlar İsrailin İranı vurmaq istədiyi iddiaları da yayılır. Hətta may ayında zərbə endirilməsi təklifi gündəmə gəlsə də, Trampın bu addıma danışıqlara zərər verəcəyinə görə qarşı çıxdığı deyilir. Danışıqların nəticəsiz yekunlaşacağı təqdirdə, İsrailin İranı vurma planı həyata keçə bilər?
- Bəlkə də bu plan gündəmə gələ bilər. Lakin İsrailin də Qəzza, Liviya, Suriya və Yəmənlə bağlı problemləri var. Ona görə də İranın qısa müddət ərzində vurulması onların strateji baxımdan ilk hədəf deyil. Lakin Benyamin Netanyahu hakimiyyəti İranı vurmaq üçün ABŞ, Böyük Britaniya və dünyanı razı salmağa çalışır. Eyni zamanda, İranın ballistik raket qabiliyyəti də İsrailin onları vurmaqdan bir qədər çəkindirir.
Ancaq Tehran-Vaşinqton görüşlərinin necə bitməsindən asılı olmayaraq, İsraillə ABŞ İranın nüvə silahı və ballistik raket infrastrukturu, eləcə də pilotsuz uçuş aparatı (PUA) və təyyarə istehsal etmək qabliyyətini məhv etmək üçün əməliyyata başlayacaq.
- Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri son geosiyasi proseslər fonunda dünyada böyük səs gətirdi. Necə düşünürsünüz, bu səfər regionda nələri dəyişəcək?
- Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazın lider dövlətinə çevrilib. Üstəlik, rəsmi Bakı əlindəki enerji və maddi gücü effektiv şəkildə istifadə edərək uzaqgörən siyasət aparır. Əslində, Azərbaycan dünyada Ermənistan da daxil düşməni olmayan bir ölkədir. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın hər ölkəsinin lideri ilə görüşə biləcək mövqedədir. Üstəlik, cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan proseslərdən əvvəl addım atan bir ölkədir.
Çinlə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə Birgə Bəyanatın imzalanması da Qarabağ münaqişəsini həll etmiş Azərbaycanın bölgə üzərində əməlləri olan ölkələrə verdiyi mesajdır. Xüsusilə qlobal layihələrə qatqısı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan, hərbi və iqtisadi cəhətdən dünyanın ikinci ən böyük gücü Çinlə bu səviyyədə əməkdaşlıq edilməsi çox mühümdür.
Bu, balanslı və çoxvektorlu bir siyasətin nəticəsidir. Azərbaycanın bölgədəki təhlükəsizliyini və iqtisadi imkan qabiliyyətini artıracaq bir addımdır. Eyni zamanda, Hindistanın Ermənistanın yanında yer alaraq Azərbaycana qarşı yürütdüyü siyasət baxımından da çəkindirici fəaliyyətdir. Hər dövlət Azərbaycan kimi yüksək səviyyədə və çoxvektorlu siyasət apara bilmir. Bu, Azərbaycanın sadəcə regional deyil, beynəlxalq olaraq da gücünün və təsir imkanlarının artdığını göstərir.
Bu arada, Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) müstəqillik mübarizəsinə verdiyi dəstəyə görə bütün türk xalqı adından təşəkkürümü bildirmək istəyirəm. Bu il Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının 12-ci Zirvə toplantısının Azərbaycanda keçirilməsi də olduqca əhəmiyyətlidir. Azərbaycan bu cəhətdən də dünyada səs gətirən qlobal toplantıların da mərkəzi halına gələrək diqqət mərkəzinə düşür. Sonda bir daha türk dünyasına verdiyi töhfə və Şimali Kipr türklərinə dəstəyinə görə cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Yaşasın Azərbaycan! Yaşasın Türkiyə!
Elmir Mustafa
“Cebheinfo.az”