Bəzi insanlar niyə özlərini xəstə kimi göstərirlər? - Psixoloqdan AÇIQLAMA

Bəzi insanlar niyə özlərini xəstə kimi göstərirlər? - Psixoloqdan AÇIQLAMA

Son zamanlar cəmiyyətdə müşahidə olunan narahatedici hallardan biri də bəzi şəxslərin heç bir tibbi əsas olmadan özlərini xəstə kimi təqdim etməsidir.

Bu insanlar özlərini xəstə kimi təqdim edərək məsuliyyətdən yayınmaq, diqqət çəkmək və ya tənqiddən qorunurlar. Həmin insanlar “mən xəstəyəm”, “psixoloji problemim var” kimi bəhanələrə sığınaraq, ətrafdakıların onlara xüsusi davranmasını tələb edirlər.

Bu davranış, eyni zamanda işdə, sosial mühitdə və hətta ikili münasibətlərdə narazılıqlara, anlaşılmazlıqlara səbəb olur. Mütəxəssislər bildirirlər ki, bu cür yanaşma, həmçinin, empati duyğusunun sui-istifadəsinin bir formasıdır.

Bəs bu insanların özlərini xəstə kimi göstərməsinin bir psixoloji səbəbi varmı? Belə şəxslər bunu bilərəkmi edirlər, yoxsa fərqində olmadanmı? Bu cür insanları necə ayırd etmək olar? Belə vəziyyətdə ətrafdakı insanlar necə davranmalıdır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Psixoloqu Samirə İsmayılova bildirib ki, bu cür davranışların psixoloji səbəbləri var.

O bildirib ki, bu davranışların kökündə mürəkkəb psixoloji mexanizmlər və fərdi travmalar yatır:

“Cəmiyyətdə ən çox rast gəldiyimiz hallardan biri də bəzi şəxslərin heç bir tibbi diaqnoz olmadan özlərini xəstə kimi göstərmələridir. Bəzən bu davranış başqalarının diqqətini çəkmək, empati qazanmaq və ya müəyyən üstünlüklər əldə etmək məqsədi daşıyır.

Amma bu hal sadəcə “aldatma” kimi qiymətləndirilməməlidir. Çünki bu davranışın kökündə mürəkkəb psixoloji mexanizmlər və fərdi travmalar yatır. Bu davranışın psixoloji səbəbləri mövcuddur və bu vəziyyət psixologiyada “somatizasiya”, “faktisiyoz pozuntu” kimi terminlərlə izah edilir.

Bu şəxslər fiziki xəstəlikləri təqlid edərək ya diqqət, şəfqət qazanmağa çalışır, ya da emosional ağrılarını fiziki simptomlarla ifadə etməyə meyillidirlər. Burada məqsəd bəzən başqalarının qayğısını qazanmaq, bəzən isə yaşadığı daxili iztirabları daha “qəbul olunan” bir formaya, yəni fiziki ağrıya çevirmək olur”.

Onun fikrincə, bu davranışın həm şüurlu, həm də qeyri-şüurlu səbəbləri ola bilər:

“Özünü xəstə kimi göstərən insanların bunu bilərək, yoxsa fərqində olmadan etməsi ilə bağlı onu deyə bilərəm ki, bu, şəxsə və vəziyyətə görə dəyişir. Yəni cavab həm “bəli”, həm də “xeyr” ola bilər.Faktisiyoz pozuntusu olan şəxslər bilərəkdən özlərini xəstə kimi göstərirlər, amma bu davranışın arxasında dərindən formalaşmış emosional ehtiyaclar və psixoloji zədələr var.

Onlar bilərəkdən simptomları saxtalaşdırsalar belə, bu, manipulyasiyadan çox, qeyri-şüurlu bir ehtiyaca cavabdır. Somatizasiya hallarında isə şəxs fərqində olmadan psixoloji narahatlığını fiziki simptomlarla ifadə edir. 

Belə insanlar əslində özlərini xəstə sanırlar və tez-tez həkimlərə müraciət edirlər, amma tibbi müayinə zamanı səhhətimdə heç bir problem aşkarlanmır”.

Psixoloq qeyd edib ki, özünü xəstə kimi göstərmək həm psixoloji müdafiə mexanizmi, həm də manipulyativ davranış forması ola bilər:

“Müdafiə mexanizmi kimi, bu hallar şəxsin öz emosional yükünü yüngülləşdirmək üçün qeyri-şüuri şəkildə baş verir. Şəxs psixoloji gərginliklərini fiziki simptomlarla əvəzləyir və bunun fərqində olmur. Manipulyasiya isə daha şüurlu şəkildə baş verir. 

Bu zaman şəxsin məqsədi diqqət çəkmək, məsuliyyətdən yayınmaq və ya bəzi üstünlüklər əldə etmək olur. Lakin bu cür manipulyativ davranışların kökündə də uşaqlıqdan gələn laqeydlik, travma və ya şəfqət aclığı kimi dərin psixoloji ehtiyaclar dayanır”.

S.İsmayılova, təcrübəli psixoloq və psixiatrların bu halları müəyyən testlər, müsahibələr və müşahidələr vasitəsilə ayırd etdiyini vurğulayıb:

“Amma gündəlik həyatda bəzi müşahidələrlə bu davranışları fərqləndirmək mümkündür. Məsələn, hər dəfə yeni simptomların yaranması və onların tibbi əsasının olmaması, müxtəlif həkimlərə, mütəxəssislərə getmə (sözün əsl mənasında “həkim gəzmə”), əldə edilən diqqət və şəfqətdən duyulan məmnunluq, əvvəlki xəstəlik hekayələrinin ziddiyyətli olması, simptomların müəyyən situasiyalarda artması (məsələn, diqqət çatışmazlığı olan məqamlarda) və s. kimi nümunələri göstərmək olar”.

O qeyd edib ki, belə hallarda ətrafdakı insanlar empati ilə yanaşmalı, eyni zamanda sağlam sərhədləri də qorumağı bacarmalıdırlar:

“Bu, çox vacib və həssas məsələdir. Belə hallarda, empati göstərmək vacibdir, çünki bu insanlar sadəcə diqqət çəkmək istəmir, onlar həqiqətən emosional boşluq yaşayır və içdən bir şeylə mübarizə aparırlar.

Amma sərhəd qoymaq da zəruridir, çünki ətrafdakılar daim bu şəxsin emosional ehtiyaclarını qarşılamağa çalışdıqda, sağlam olmayan bir dinamik yaranır və həmin şəxs davranışını davam etdirmək üçün mükafatlandırılmış olur.

Ən sağlam yol isə şəfqətli, anlayışlı, amma aydın sərhədlərlə yanaşmaqdır. Belə şəxsləri psixoloqa yönləndirmək, onlarla səmimi və dürüst şəkildə danışmaq, lakin məsuliyyəti tamamilə üzərinə götürməmək vacibdir.

Özünü xəstə kimi göstərmək sadəcə bir davranış deyil. Bu, dərin psixoloji səbəbləri olan bir siqnaldır. Cəmiyyətin bu hallara səthi və etiketləyici yanaşması əvəzinə, daha anlayışlı və elmi əsaslı yanaşması həm fərdlərin, həm də ümumi psixososial mühitin sağlamlığı üçün vacibdir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”