Cəmil Həsənliyə etiraz: “Hansı məntiqlə türk düşmənin adını daşıyan mükafatı qəbul etmisiniz?”

Cəmil Həsənliyə etiraz: “Hansı məntiqlə türk düşmənin adını daşıyan mükafatı qəbul etmisiniz?”

“Cəmil Həsənlini yaxşı tanıyırsız. Tanımış tarixçidir. Siyasətçi kimi də fəaliyyəti bəllidir. O, İranın müdafiəsi ilə bağlı bir status paylaşıb. Arqumentlərindən biri də odur ki, İsrail Təbriz aeroportunu vurur və s. Bunlarla işim yoxdur. Ancaq bir məsələ ilə bağlı Cəmil Həsənliyə etirazım var. Özü də kəskin şəkildə”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu xaricdə yaşayan jurnalist Elbəyi Həsənli sosial şəbəkə hesabında yazıb.

“Hörmətli Cəmil bəy, siz Vudro Vilson (Woodrow Wilson) Mərkəzinin Demokratiya Uğrunda Mükafatının Laureatısız. Bu mükafatı 2015-ci ildə almısız. Mən nəyə etiraz edirəm? Vilson kimdir? O, 1913 –1921 illərdə ABŞ-nin 28-ci prezidenti olub. Qatı türk düşmənidir. Türkiyəyə və təşəkkül tapmağa can atan Azərbaycana qarşı düşmən mövqeyi ilə tanınır. Hətta “Wilsonian Armenia” (“Vilson Ermənistanı”) deyilən bir ifadə var. 

Ermənilər bu ifadədən indi də dönə-dönə istifadə edirlər. “Vilson Ermənistanı” nə deməkdir? Bunu Azərbaycanda Cəmil bəydən yaxşı bilən çətin tapılsın. Çünki o, həmin dövrlə bağlı böyük tarixi araşdırmaların müəllifidir... “Sevr müqaviləsi”ndə Ermənistan Demokratik Respublikasının sərhədlərinin konfiqurasiyası yer alır. Bax, həmin o konfiqurasiyanı cızan kişinin adı Vilsondur”.

E.Həsənli bildirib ki, “Vilson Ermənistanı”na Ərzurum, Bitlis, Van və Trabzon kimi Osmanlı vilayətləri daxil idi:

”Trabzon vilayətini də ora daxil etmişdilər ki, Ermənistanın yerli liman üzərindən Qara dənizə çıxışı da olsun. ABŞ Senatı 1920-ci ildə Vilsonun Ermənistanda mandat yaratmaq təklifini rədd etdi... İndi mən soruşuram ki, hörmətli Cəmil bəy, siz bu işin tarixini bilirsiniz, Vilsonun fəaliyyətindən də xəbərdarsınız. Hansı məntiqlə türk düşmənin adını daşıyan bu mükafatı qəbul etmisiz? Üstəlik, bu mükafatla da fəxr edirsiz...”

Məlumat üçün bildirək ki, Cəmil Həsənli sosial şəbəkə hesabında İran-İsrail qarşıdurmasında İranın mövqeyini müdafiə edən status paylaşıb və bu, ciddi etirazlara səbəb olub. 

“Cebheinfo.az”