Naxçıvanda bəzi obyektlərin fəaliyyəti məhdudlaşdırılıb - FOTOLAR

Naxçıvan şəhəri Əlincə məhəlləsi bina 2 D ev 1 ünvanında fəaliyyət göstərən Məhərrəmov Kamran Şəmil oğluna məxsus "Mehrunun dönəri" dönərxanasında ötən günlərdə hazırlanmış və istehlak üçün yararsız hesab edilən bişmiş dönərin növbəti gün istehlakçılara təqdim olunduğu və Naxçıvan şəhəri İstiqlal küçəsində fəaliyyət göstərən Musayev Qadir Qabil oğluna məxsus dönərxanada isə gigiyenik qaydalara əməl olunması üçün şəraitin mövcud olmadığı aşkarlanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş və çatışmazlıqlar aradan qaldırılanadək sözügedən obyektlərin fəaliyyəti məhdudlaşdırılıb.
Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün dönərxanalar dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilib.
Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində istirahət və bayram günləri də daxil olmaqla nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcəkdir.
"Cebheinfo.az"