İsrail-İran müharibəsi Azərbaycan üçün hansı risklər yaradır?

İsrail-İran müharibəsi Azərbaycan üçün hansı risklər yaradır?

İsrail və İran arasında bir neçə cəbhədə başlayan silahlı toqquşmalar artıq 4 gündür ki, fasiləsiz şəkildə davam edir.

Hər iki tərəfdən ölən və yaralananlar var. Gərginliyin bu şəkildə artması, təkcə Yaxın Şərqi deyil, eyni zamanda region ölkələrini də narahat edir.

Bəs İsrailin hərbi gücü ilə müqayisədə İranın real imkanları nə dərəcədə yetərlidir? Bu münaqişə Azərbaycana və ya Cənubi Qafqaza təhlükə yarada bilərmi?

Politoloq Qabil Hüseynli “Cebheinfo.az”a açıqlamasında bildirib ki, bu münaqişənin Azərbaycana və ümumilikdə Cənubi Qafqaza birbaşa təhlükəsi yoxdur:

“Bu qarşıdurmanın nə ölkəmiz, nə də Cənubi Qafqaz üçün təhlükəsi yoxdur və olmayacaq da. Bildirim ki, bu gün İsrailin nümayiş etdirdiyi hərbi güc, onun öz gücü deyil. Bu, Amerikanın hərbi gücüdür.

Məsələn, münaqişənin ilk günü havaya 400 ədəd "F-35" tipli hərbi təyyarə qalxmışdı. Bu təyyarələrin heç biri İsrail istehsalı deyil. Onlar ABŞ tərəfindən təmin olunub və son dərəcə təhlükəlidir. Çünki bu təyyarələr yüksək hündürlükdə uçarak radarlara tutulmur və çox dəqiq zərbələr endirirlər". 

Onun sözlərinə görə, proseslərin əvvəlində ABŞ guya problemin diplomatik yollarla həllinə çalışırmış kimi görüntü yaradıb:

"Amerika əvvəlcə İranı danışıqlara cəlb etdi, guya diplomatik yollarla problemi həll etmək istəyirdi. Beləliklə, nüvə danışıqlarına başladılar. Nüvə danışıqlarının altıncı günündə isə İsrail hücuma keçdi. İran tam arxayın salmışdılar. Hətta Donald Tramp tez-tez açıqlamalar verirdi ki, danışıqlarda müsbət irəliləyişlər var. Bu, İran rəhbərliyini sakitləşdirdi. Tramp daim deyirdi ki, "qan tökmək istəmirik", "diplomatiya əsasdır". Ancaq gecənin birində Amerika tərəfindən İsrailə verilmiş ən müasir silahlar birdən-birə işə düşdü və hücuma keçdilər". 

Politoloq qeyd edib ki, artıq tərəflər arasında bərabər səviyyəli müharibə gedir:

"Fikrimcə, münaqişənin ilk günündə İran tərəfdə çoxlu sayda insan itkisinə və yüksək rütbəli generalların ölümünə səbəb olan əsas amil məhz bu arxayınlıq idi. Lakin indi vəziyyət bir qədər dəyişib. İran artıq nisbətən səfərbər olub, özünü müharibəyə kökləyib və İsrailə müəyyən müqavimət göstərə bilirlər. İsraili balistik raketlərlə güclü atəşə tutublar. Bu raketlərin heç birini İsrail dayandıra bilmir. Artıq tərəflər arasında bərabər səviyyəli bir müharibə gedir".

Əfsanə Rəcəb
"Cebheinfo.az"