Fordo nüvə obyekti: İran üçün niyə bu qədər vacibdir?

İrandakı Fordo nüvə obyekti bu günlərdə beynəlxalq mətbuatda tez-tez xatırlanır.
Səbəb odur ki, bu obyekt İranın nüvə proqramında əsas rol oynayır və ABŞ-nin dəstəyi olmadan İsrailin onu zərərsizləşdirməsi çox çətindir.
Bəs Fordo niyə bu qədər vacibdir? İsrailin bu obyekti dağıtmaq üçün Vaşinqtonun dəstəyinə nə ehtiyacı var?
"Cebheinfo.az" xəbər verir ki, Fordo dağın içində bir qala kimi tikilib və İranın nüvə proqramının ürəyi kimi təsvir edilir.
Fordo İrana məxsus iki nüvə zənginləşdirmə obyektindən biridir. O, Qum şəhərindən 32 kilometr, Tehrandan isə 161 kilometr uzaqlıqda yerləşir.
Dağlarda gizlənən obyektin ən mühüm tikililəri yeraltıdır. İranın ən qabaqcıl sentrifuqaları bu obyektdə yerləşir.
Gizli şəkildə tikilməyə başlayan Fordonun varlığı 2009-cu ildə kəşfiyyat fəaliyyətləri sayəsində Qərb ölkələri tərəfindən aşkar edilib. O zaman ABŞ, İngiltərə və Fransa bu gizli obyekti İranın nüvə proqramının sülhməramlı olmadığının göstəricisi kimi qiymətləndirib. İran isə ittihamları rədd edib.
Fordoda uranın zənginləşdirilməsi üzrə ilk fəaliyyət 2011-ci ildə başlayıb. İran rəsmiləri uranın tibbi məqsədlər üçün 20 faiz zənginləşdiriləcəyini bildirib.
2015-ci ildə İran Qərb ölkələri ilə nüvə sazişi çərçivəsində Fordoda uranın zənginləşdirilməsini 15 il müddətinə dayandırmağa razılaşıb.
Razılaşmaya əsasən, İranın zənginləşdirilmiş uran səviyyəsi 3,67 faizlə məhdudlaşdırılacaq. Bu səviyyənin nüvə silahı istehsalı üçün tələb olunan 90 faizdən çox aşağı olduğu qeyd edilib.
Bunun müqabilində Qərb ölkələri İrana tətbiq etdikləri embarqoları ləğv etməyə başladı.2018-ci ildə Amerika Birləşmiş Ştatları (ABŞ) Donald Trampın göstərişi ilə birtərəfli qaydada sazişdən çıxdı və İran da nüvə proqramını yenidən sürətləndirdi. Bu çərçivədə Fordoda uranın zənginləşdirilməsi bərpa edildi.
2023-cü ilin mart ayında Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Fordoda 83,7 faiz zənginləşdirilmiş uran fraqmentləri aşkar etdiyini açıqladı.Bunun nüvə bombası hazırlamaq üçün tələb olunan 90 faiz səviyyəsinə çox yaxın olduğu qeyd edilib. Bu, İranın nüvə proqramında Fordonun əhəmiyyətini bir daha ortaya qoydu.
Qeyd edək ki, qranit dağın içərisində bir neçə təbəqə halında inşa edilən Fordo hazırda İsrailin hücumlarından zərər görüb görməyəcəyi maraq doğurub. Bildirilir ki, Fordo ancaq bunker partlayan bombalarla hədəf alına bilər. İsrailin isə bu tutumda bombası və onu daşıyacaq təyyarəsi yoxdur. Yalnız ABŞ bu imkanlara malikdir.
Həmçinin qeyd olunur ki, yalnız ABŞ ordusunun əlində olan GBU-57 bunker partladan bomba Fordonu məhv edə bilər.MOP kimi də tanınan bu bombanın uzunluğu 6 metr, çəkisi isə 14 min kiloqramdır. O, 2400 kiloqramlıq döyüş başlığı və GPS ilə təchiz edilib. 61 metrə qədər betonu dələ bilir.
Bu bombanı yalnız “B-2” bombardmançıları daşıya bilər. Ölçüsü və çəkisinə görə eyni vaxtda təyyarədə maksimum 2 GBU-57 tipli bomba daşımaq olar.
İsrailin Fordoya zərər vermək istədiyi, lakin lazımi gücün olmadığı, ABŞ üçün isə bunun əksi olduğu bildirilir.
Ağ Evin Yaxın Şərq üzrə keçmiş xüsusi nümayəndəsi Brett Makqurk daha əvvəl, “Əgər Fordoya zərər verə bilməsəniz, İranın nüvə silahı əldə etməsinə mane olmayacaqsınız”, demişdi. İsrailin ABŞ-nin dəstəyi olmadan Fordo obyektini hədəfə ala biləcəyi də bildirilir. Belə ki, adi silahlarla tez-tez zərbələrin Fordoya zərər verə biləcəyi təxmin edilir.
Digər variant isə İsrail ordusunun sahəyə xüsusi təyinatlıları göndərməsi və Fordonu içəridən hədəfə almasıdır. Fordo zərərsizləşdirilsə belə, İranın nüvə ambisiyalarının bununla bitməyəcəyini qiymətləndirənlər də var.
İranın Natanz yaxınlığında yeni nüvə obyekti inşa etdiyi və bunun Fordodan qat-qat təhlükəsiz olduğu bildirilir.Fordonun iki giriş tuneli olduğu halda, yeni tikilən obyektin dörd tunel girişi var. Bu vəziyyətin mümkün hücum zamanı obyektin girişlərinin bağlanmasını çətinləşdirdiyi qeyd edilir.
Əfsanə Rəcəb
"Cebheinfo.az"