Lev Spivak: “Xameneyi hədəfimizdədir”

Lev Spivak: “Xameneyi hədəfimizdədir”

"Tehrandan verilən hədə dolu bəyanatlara artıq heç kim ciddi yanaşmır. Bir müddət əvvəl İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneyi xalqa nüvə sınağı vəd etmişdi, amma görürük ki, heç bir sınaq baş vermədi". 

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında israilli analitik, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü Lev Spivak bildirib.

Onun sözlərinə görə, bu gün İsrailin İran ərazisində yeni hərbi sistem qurması, ora texnika, avadanlıq yerləşdirməsi və birbaşa həmin ərazidən hücum həyata keçirməsi çox peşəkar şəkildə hazırlanmış əməliyyatdır:

"Bu əməliyyat gələcəkdə kəşfiyyat məktəblərində nümunə kimi öyrədiləcək. Təsəvvür edin, eyni anda həm İranın ali siyasi rəhbərliyindəki şəxslər, həm yüksək rütbəli hərbçilər, həm də nüvə sahəsində çalışan mühüm alimlər hədəfə alınıb və məhv edilib.

Bununla paralel olaraq hava hücumları başlayıb. İsrail kimi daim müharibə vəziyyətində olan bir ölkə üçün belə bu səviyyədə genişmiqyaslı hücum hələ olmamışdı.

Burada maraqlı bir detal da diqqətlərdən qaçmır. Belə ki, hücumun son mərhələsi tam iki saat yarım davam edib. Bu, adi bir əməliyyat deyil, çox ciddi və düşünülmüş bir hərbi zərbədir.

50 döyüş təyyarəsi iki saat yarım ərzində İran səmasında dövrə vurur. Bu isə o deməkdir ki, həmin müddət ərzində onlar azı üç-dörd dəfə yanacaqla təmin olunmalıdır. İndiki dövrün müasir hərbi təyyarələri artıq bazaya qayıdıb yanacaq doldurmur, bu proses hava məkanında, xüsusi yanacaq-təminat təyyarələri vasitəsilə həyata keçirilir.

İsrailin cəmi iki belə tanker təyyarəsi var və onların da daşıma gücü bu qədər genişmiqyaslı əməliyyat üçün kifayət etmir. Yəni havada yanacaq doldura bilən tanker təyyarələrin özləri də haradasa, yanacaqla təmin olunmalıdır ki, bombardmançı və qırıcıları havada tuta bilsinlər.

Bəs bu harada baş verə bilər? Aydındır ki, onlar İsrailə geri dönmürlər. Burda iki ehtimal mövcuddur:

Birincisi, ABŞ-nin aviadaşıyıcı gəmiləridir. Amma burada ciddi texniki çətinlik var, bütün təyyarələr həmin gəminin göyərtəsinə enə bilmir. Üstəlik, ABŞ bu məsələdə açıq-aşkar görünmək istəmir. Baxmayaraq ki, Tramp bu əməliyyata qarşı olduqlarını desə də, əslində hər kəs anlayır ki, bu hücum ABŞ-nin razılığı ilə baş verib. Bu, mübahisə doğurmur. Amma yenə də Vaşinqton birbaşa iştirakçı kimi görünmək istəməz, buna görə də bu variant real görünmür.

İkincisi, Birləşmiş Ərəb Əmirlikləri. Lakin BƏƏ də bu məsələyə görə hədəfə çevrilmək istəməz. Ən əsası da budur ki, bölgədə belə təyyarələrin enib yanacaqla təmin oluna biləcəyi bazalar əsasən Amerika hərbi hava bazalarıdır. Düşünmürəm ki, bu halda ABŞ aviadaşıyıcılarla bağlı mövqeyindən fərqli bir qərar versin.

Təbii ki, bu məsələnin dəqiq necə baş verdiyini heç kim tam əminliklə deyə bilməz. Amma demək istəyirəm ki, məncə, İranın siyasi və hərbi dairələri də bu ehtimalları nəzərə alıblar".

İranda dövlət çevrilişi məsələsinə də toxunan analitik buna şübhə ilə yanaşdığını deyib:

“Hazırda İsrailin həyata keçirdiyi hərbi əməliyyat olduqca baha başa gəlir. Konkret rəqəmləri hesablamaq çətindir, amma bu cür müharibənin gündəlik xərcinin milyardlarla dollar olduğunu düşünürəm. Bu isə həddindən artıq böyük vəsaitdir.

Dünya üzrə istənilən ölkədə inqilab təşkil etmək, bundan daha ucuz başa gəlir. Xüsusilə də İran kimi bir ölkədə. Əgər bu yolu seçməyiblərsə, deməli, bu mümkün olmayıb.

İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) əks-kəşfiyyat fəaliyyəti kifayət qədər güclüdür. Məncə, onlar hakimiyyət dairələrini ciddi şəkildə qoruyurlar.Biz bilirik ki, həm ölkə daxilində, həm də xaricdə, məsələn, Avropada və ABŞ-də kifayət qədər güclü müxalif qüvvələr var. Açığı deyim, özüm də belə, iranlılarla rastlaşmışam. Maraqlıdır ki, tanış olduğum həmin adamların hamısı iranlı azərbaycanlılar olub.

Düşünürəm ki, hələlik bu rejimi devirmək mümkün deyil. Daha real görünən ssenari odur ki, ölkənin siyasi rəhbərliyi bir anda özü qaçacaq. O zaman heç çevrilişə də ehtiyac qalmayacaq. Hazırda ən mümkün versiya budur. Ayətullah Xameneyi ilə bağlı demək olar ki, heç bir şübhə yoxdur o, birbaşa hədəfdir. Bu, artıq müzakirə mövzusu deyil".

O qeyd edib ki, İsrail qarşı tərəfdə duran hərbi liderləri məhv etmək gücündədir:

"Qəzzada HƏMAS-ın bütün rəhbərliyi məhv edilib. Hətta, sonrakı dövrlərdə onların yerinə gələn rəhbərlər də bir-bir sıradan çıxarılıb. Bu proses artıq dördüncü dəfədir təkrar olunur.

Eyni hal Livanda da baş verdi. Biz orada "Hizbullah" lideri, ən güclü terror təşkilatının başçısı Həsən Nasrullahı məhv etdik. O, demək olar ki, daim bunkerdə yaşayırdı, çünki hədəfdə olduğunu bilirdi və daim qorunmağa çalışırdı. O, İranın birbaşa proksi fiquru idi və özünün də sıradan çıxarılacağını çox gözəl anlayırdı. 

Biz onu məhv etdik. Təbii ki, Xameneyi də bizim hədəfimizdədir. Amma onu da deməliyik ki, bütün bu reallıqları nəzərə alaraq o, özünü daha ciddi şəkildə qoruyur. Bildirim ki, biz HƏMAS rəhbərlərindən bəzilərini məhz Tehranda, İran rəhbərliyinin yaşadığı mərkəzi rayonların birində zərərsizləşdirmişik. Yəni bu o deməkdir ki, Xameneyi də real təhlükə altındadır. Əgər bu gün hələ sağdırsa, bu yalnız ona görədir ki, indiyə qədər bu əməliyyatı reallaşdırmaq mümkün olmayıb. Amma mən əminəm, ilk fürsətdə bu da baş verəcək".

Lev Spivak vurğulayıb ki, İsrail ordusu regionda sayca az olsa da, ən güclü və ən hazırlıqlı ordudur:

“Onunla müqayisə oluna biləcək yeganə qüvvə, sayca və texniki baxımdan Türkiyə ordusudur. Türkiyə həm güclüdür, həm də say baxımından üstündür. Amma bundan başqa bu səviyyədə heç bir ordu regionda yoxdur.

İranın da ordusu sayca çoxdur, lakin biz bilirik ki, çox aşağı motivasiyaya malikdir, zəif silahlanıb, texniki cəhətdən geri qalır. Axı biz artıq elmin və texnologiyanın dövründə yaşayırıq. Qılıncı götürüb at üstündə “ura!” qışqıraraq döyüşə getmək vaxtı çoxdan keçib. Bu gün artıq bu yanaşma işləmir".

Ekspert iddia edir ki, ilk zərbədən sonra artıq orta səviyyəli rəhbərlərin qaçmağa çalışması, gizlənməsi ilə bağlı məlumatlar gəlməyə başlayıb:

"Hətta bu qorxu yuxarı səviyyələrə qədər yayılıb. Bu gün axşam saatlarına doğru isə daha konkret informasiyalar daxil oldu. Yəqin ki, axşam xəbərlərində bunlar geniş şəkildə veriləcək. Ona görə indi əlavə şərh verməyə ehtiyac yoxdur.Amma bir daha demək istəyirəm, heç kim elə düşünməsin ki, hər şey artıq bitdi. Əksinə, hər şey yeni başlayır və bu qarşıdurma günlərlə deyil, həftələrlə ölçüləcək.

Yeganə ümidim odur ki, İraqda baş verən kimi burada da eyni hal yaşansın. Yəni hamı öz-özünə qaçsın, sistem dağılmağa başlasın. Yəqin ki, xatırlayırsınız ikinci İraq müharibəsində Bağdadı heç kim mühasirəyə almamışdı, sadəcə olaraq ordunun özü dağılmışdı.Ümid edirəm ki, burada da eyni ssenari baş verəcək. Çünki əks halda çox uzunmüddətli və çətin bir müharibə bizi gözləyir".

Səbinə Uğur 
"Cebheinfo.az"