Deputat: “Azərbaycan strategiyası ilə seçilən azsaylı dövlətlərdəndir”

Deputat: “Azərbaycan strategiyası ilə seçilən azsaylı dövlətlərdəndir”

“Müasir beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb və dəyişkən proseslər fonunda dövlətlər xarici siyasət prioritetlərini ciddi şəkildə yenidən formalaşdırır”.  

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, mövcud geosiyasi risklər, nəqliyyat maşurtlarının diversifikasiyası, enerji təhlükəsizliyi və böyük güclər arasında güc balansının dəyişməsi ölkələri daha çevik və çoxşaxəli diplomatik yanaşmalara sövq edir:

“Bu kontekstdə Azərbaycan çoxvektorlu xarici siyasət strategiyası ilə seçilən azsaylı dövlətlərdəndir. Rəsmi Bakı üçün Çinlə münasibətlərin genişləndirilməsi həm siyasi, həm də iqtisadi baxımdan olduqca əhəmiyyətlidir. 

Cənab Prezident İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri zamanı CGTN telekanalına verdiyi müsahibə ölkələrimizin müasir çağırışlar çərçivəsində əməkdaşlıq perspektivləri haqqında aydın təsəvvür yaradır. İkitərəfli əlaqələrin inkişaf tendensiyasından razılığını vurğulayan dövlət başçımız jurnalistin suallarına cavab olaraq bir sıra mühüm məqamlara toxundu”.  

Millət vəkili vurğulayıb ki, Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünün qlobal ticarət və nəqliyyat sisteminin yenidən qurulmasında mühüm rol oynadığını qeyd edən ölkə rəhbərimiz Azərbaycanın həyata keçirdiyi böyük infrastruktur layihələrinin sözügedən təşəbbüs çərçivəsində vacibliyini diqqətə çatdırdı:

“Bununla yanaşı, iki ölkə arasında bərpa olunan enerji və ekoloji təmiz məhsul istehsalı istiqamətində də əməkdaşlıq genişlənir. Ölkəmizin coğrafi mövqeyinin qazandığı dividentlər və yaradılan əlverişli investisiya mühiti Çin şirkətlərinin diqqətini cəlb edir. 

Nəticə etibarilə, Çinlə əməkdaşlığın inkişaf etdirilməsi həm regional, həmdə qlobal geosiyasi proseslər prizmasından strateji əhəmiyyət daşıyır. Azərbaycan özünün beynəlxalq tərəfdaşlıq şəbəkəsini genişləndirir, nəqliyyat və enerji təhlükəsizliyi sahəsində mühüm addımlar ataraq qlobal güclərlə balanslı münasibətlərini davam etdirir”.

Elmir Mustafa
“Cebheinfo.az”