Almaniyada türklərin sayı artır

Almaniyada türklərin sayı artır

2024-cü ildə Almaniyada vətəndaşlıq alan türklərin sayı əvvəlki ilə nisbətən yüzdə 110 artaraq 22 min 525-ə çatıb. 

Bu artımla Türkiyədən Almaniyaya gedənlər Suriyalılardan sonra Almaniya vətəndaşı olan ikinci ən çox insan qrupu olub.

"Cebheinfo.az" xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) açıqladığı məlumatlara görə, 2024-cü ildə Almaniya vətəndaşlığını qəbul edən türk əsilli insanların sayı 2023-cü illə müqayisədə iki dəfədən çox artıb.

2023-cü ildə 10.735, 2024-cü ildə bu rəqəm yüzdə 110 artaraq 22.525-ə çatıb. Bu, Almaniya vətəndaşı olmuş icmalar arasında ən yüksək mütləq artım kimi qeydə alınıb.

“Deutsche Welle” (DW) radiosunun məlumatına görə, 2024-cü ildə toplam 291 955 əcnəbi vətəndaş Almaniya pasportu əldə edib.

Bu, 2000-ci ildən bəri vətəndaşlığa qəbullarda illik ən yüksək artım olub. Suriyalılar 83 150 nəfərlə birinci, 22 525 nəfərlə türklər ikinci yerdədir. Onları 13 545 İraq və 12 980 Rusiya vətəndaşı izləyib.

Nigar Hacılı 
"Cebheinfo.az"