Orta Dəhliz Qazaxıstan üçün sənayenin inkişafı platformasıdır

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) Qazaxıstan üçün sadəcə tranzit dəhlizi deyil, sənaye artımı, rəqəmsal inteqrasiya, beynəlxalq istehsal və logistika zəncirlərinin yaradılması platformasıdır.
AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Kuantırov Astana Beynəlxalq Forumu çərçivəsində keçirilən “Regional əlaqələrin gücləndirilməsi və inkişaf potensialının açılması” panel sessiyasında çıxışında deyib.
O qeyd edib ki, Qazaxıstan artıq Çinlə sərhədi və Xəzər dənizindəki limanları birləşdirən, uzunluğu 3500 kilometrdən çox əsas dəmir yolu infrastrukturunu təmin edir. Növbəti illərdə daşımaların həcminin 10 milyon tona çatdırılması planlaşdırılır ki, bu da qlobal təchizat zəncirlərinin iştirakçıları tərəfindən artan tələbi və Qazaxıstanın marşrutun imkanlarını artırmaq səylərini əks etdirir.
Nazir müavini qeyd edib: “TITR təkcə logistika marşrutu deyil, həm də etibar, səmərəlilik və inkişaf infrastrukturudur. Qazaxıstan həm fiziki, həm də rəqəmsal inteqrasiyanın əsas götürür. Biz real nəticələri görürük: 2024-cü ilin martında Sian şəhərindən konteyner qatarı 11 günə Azərbaycana çatıb”.
O, Qazaxıstanın infrastruktura - yeni dəmir yollarının tikintisinə, Aktau və Kurık limanlarının genişləndirilməsinə, beynəlxalq investorlar ilə əməkdaşlıq şəraitində konteyner qovşağının yaradılmasına 35 milyard dollardan çox investisiya yatırdığını diqqətə çatdırıb.
“Amma bizim vəzifəmiz təkcə tranzit deyil. Qazaxıstan TITR-ə sənayenin inkişafı və qlobal təchizat zəncirlərinə davamlı inteqrasiya üçün platforma kimi baxır”, -deyə A.Kuantırov bildirib.
"Cebheinfo.az"