Astarada qədim hovuz aşkarlandı - FOTO

Astarada qədim hovuz aşkarlandı - FOTO

Astarada Əlişa qalasında qədim dövrə aid unikal hovuz kompleksi aşkarlanıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Astara rayonu arxeoloji ekspedisiyası iyunun 2-dən etibarən Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında aparılan arxeoloji qazıntılar nəticəsində mühüm elmi əhəmiyyətə malik, unikal memarlıq nümunəsi aşkarlayıb.

Ekspedisiyasının rəhbəri, dosent Mikayıl Mustafayev APA-ya bildirib ki, qazıntılar zamanı qədim dövrə aid, yoncavari (quatrefoil) formada inşa edilmiş daş hovuz kompleksi üzə çıxarılıb:

"Bu memarlıq formasını Azərbaycanda ilk dəfə sənədləşdirilmiş su sistemi kimi qiymətləndirilir. Hovuz kompleksi Lotos çiçəyi formasında olub, diametri təxminən 1,5 metrdir. Kompleksə daimi su axınını təmin edən daş su arxları və döşəməsi daş plitələrlə örtülmüş əlavə tikililər də daxildir.

Əldə edilən saxsı materiallar və tikinti texnikasına əsasən, bu kompleksin eramızdan əvvəl I əsr – eramızın III əsri aralığında inşa edildiyi ehtimal olunur. Struktura bitişik divar qalıqları və ərazinin qaya relyefi bu hovuzun qala daxilində yerləşən ritual və ya ictimai təyinatlı su qurğusu olduğunu göstərir”.

Qeyd edilib ki, bu tip hovuz forması indiyədək yalnız Yaxın Şərq, İran və Aralıq dənizi sivilizasiyalarında qeydə alınıb:

"Onun ilk dəfə olaraq Azərbaycan ərazisində aşkar olunması ölkənin qədim memarlıq və mədəniyyət tarixinin tədqiqi baxımından mühüm elmi yenilik hesab olunur".

"Cebheinfo.az"