Hacıqabulda hüquqi dəstəyə ehtiyacı olan qadınlarla görüş keçirildi

Hacıqabulda hüquqi dəstəyə ehtiyacı olan qadınlarla görüş keçirildi

Hacıqabul rayonunda hüquqi dəstəyə ehtiyacı olan qadınlarla görüş keçirilib.

Görüş Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyinin icra etdiyi “Qadınların hüquqi müdafiəsinə dəstək” layihəsi çərçivəsində baş tutub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzidə keçirilən görüş zamanı 9 nəfər qəbul edilib. 

Tədbirdə çıxış edən təşkilatın sədri Sevil Allahverdiyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. 3 ay davam edəcək layihə Hacıqabul, Salyan və Biləsuvar rayonlarının ərazisini əhatə edir. Layihənin məqsədi məişət zorakılığından əziyyət çəkən, övladını təkbaşına böyüdən, aliment asılılığında yaşayan və digər hüquqi müdafiəyə ehtiyacı olan qadınlara hüquqi konsultasiya xidməti göstərib hüquqlarını qorunmaqla sosial vəziyyətlərinin yaxşılaşdırılmasına dəstək verməkdir.

Daha sonra layihənin hüquqşünası, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov müraciət edən Hacıqabul rayon sakinlərini qəbul edib. Müraciətlər əsasən  alimentin artırılması, aliment ödənilməməsi, nikahın pozulmasından sonra əmlak və qızıl-zinət əşyaların tələbi ilə bağlı olub. Vətəndaşların müraciətləri əsasında onlara hüquqları izah edilib və müraciətləri ilə bağlı müvafiq qeydlər götürülüb. Hüquqi konsultasiya xidməti göstərilən şəxslərin sənədləri hazırlanaraq yaxın günlərdə vətəndaşlara çatdırılacaq. Hazırlanan müraciətlər həmin şəxslər tərəfindən imzalandıqdan sonra aidiyyatı qurumlara göndəriləcək.

"Cebheinfo.az"