Ordumuz dünya hərb tarixində yeni səhifə açdı 

Ordumuz dünya hərb tarixində yeni səhifə açdı 

26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan xalqının qürur mənbəyidir.

Bu gün təkcə bayram deyil, həm də ordumuzun keçdiyi şərəfli yolun, qazandığı zəfərlərin və gələcəyə olan inamın təcəssümüdür. Müstəqil Azərbaycanın güclü ordusu həm bölgədə sabitliyin qorunmasında, həm də milli maraqların təmin olunmasında əsas dayaqlardan biridir. 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri bir daha göstərdi ki, bu ordu sadəcə hərbi güc deyil, həm də milli birliyin simvoludur. 

"Hər bir ölkənin silahlı qüvvələri onun təhlükəsizliyinin əsas təminatçısıdır. Biz bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın güclü, qüdrətli, qalib və müzəffər ordusu var".

Bu sözləri "Cebheinfo.az" - a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib. Onun sözlərinə görə, ordumuzun bu səviyyəyə çatması üçün illər gərək olub:

"1990-cı illərin əvvəllərində ordumuzun faktiki olaraq olmaması başımıza gələn fəlakətlərin əsas səbəblərindən biri idi. Böyük dövlət xadimi, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vahid komandanlığa tabe olan nizami ordu yaratmaqla bugünkü qalib ordumuzun təməllərini qoydu.

Ordu quruculuğu çətin, məşəqqətli və uzunmüddətli bir prosesdir. Şəxsi və zabit heyətinin hazırlanması, peşəkarlığın artırılması, düzgün planlaşdırma, ordunun maddi-texniki təminatı kimi məsələlərin hər biri bu prosesdə mühüm rol oynayıb. Ötən illər ərzində bütün bu mərhələləri böyük uğurla keçə bildik".

Millət vəkili qeyd edib ki, lakin bu, məsələnin yalnız bir tərəfidir. O vurğulayıb ki, ordunun təchizatında milli hərbi sənaye məhsullarının mövcudluğu strateji əhəmiyyət kəsb edir:

"Çünki xaricdən asılı təchizat həmişə uğurlu və davamlı olmur. Bu səbəbdən, 2003-cü ildən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ölkəmizin dövlətçilik və hərb tarixində yeni bir səhifə açdı, milli hərbi sənayenin yaradılmasına start verildi. Yerli hərbi sənayenin qurulması, ordunun yerli silahlarla təchizi və dünyada mövcud olan ən müasir texnologiyaların hərbi istehsala cəlbi Azərbaycanın həm də beynəlxalq hərbi sənaye bazarının iştirakçısına çevrilməsinə səbəb oldu.

Bütün bu addımların nəticəsini isə 44 günlük Vətən müharibəsində  gördük. Azərbaycan Ordusu təkcə hərb tarixində deyil, bütövlükdə müasir döyüş taktikaları və texnologiyalarından istifadə etməklə modern dünyanın hərb tarixində də yeni bir səhifə açmağı bacardı. Ordumuzun həyata keçirdiyi əməliyyatlar bu gün bir çox ölkələrin hərbi ali məktəblərində tədris olunur ki, bu da qürurverici haldır.

Əlbəttə, bütün bu uğurlar Müzəffər Ali Baş Komandanın qətiyyəti, təşkilatçılığı və beynəlxalq nüfuzu sayəsində mümkün oldu. Silahlı qüvvələr təkbaşına böyük güc olsa da, bu güc siyasi iradə, diplomatik dəstək və liderliklə tamamlanmadıqda tam səmərə vermir. Fəxr edirik ki, Prezidentimizin rəhbərliyi altında xalqımızın gücü və potensialı səfərbər olunaraq tarixi Zəfər qazanılıb. Bu zəfər Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırıb. Bu isə Prezidentin də qeyd etdiyi kimi, xalqımızın qarşısında duran yeni milli ideyaların həyata keçirilməsi üçün mühüm imkanlar açır". 

Səbinə Uğur 
"Cebheinfo.az "