3 mindən çox avtomobil dənizdə batdı

Yanğın baş verən və 3 mindən çox avtomobil daşıyan yük gəmisi ABŞ-də Alyaska sahillərində batıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ Sahil Mühafizəsinə istinadən yazı. Xəbərə görə, “Morning Midas” adlı yük gəmisində 3 iyun tarixində yanğın baş verib. Çin-Meksika marşrutu üzrə hərəkət edən Liberiya bayrağı altında üzən gəmidəki yanğından sonra heyət təcili yardım çağırışı edib.
Yanğından 1 həftə sonra yanğınsöndürən və xilasetmə qrupları gəmiyə çata bilib. Xilasetmə əməliyyatları zamanı 22 nəfərlik heyət təxliyə olunub. Lakin gəmidəki yanğını söndürmək mümkün olmayıb. Üç həftə boyunca dənizdə sürüklənən “Morning Midas” bu həftənin əvvəlində Alyaskanın Adak şəhərindən təxminən 720 kilometr cənub-qərbdə çevrilərək batıb.
182 metr uzunluğundakı gəmi, yükündəki 3 min 48 avtomobillə birlikdə təxminən 5 min metr dərinliyə batıb. Gəminin qeydiyyatda olduğu Londonda yerləşən “Zodiac Maritime” şirkəti hadisə ilə bağlı araşdırmalara başlayıb. Hadisənin Şimali Sakit Okean bölgəsində dəniz naviqasiyasına təhlükə yarada biləcəyi, gəmidəki 1800 tondan çox yanacağın sızma riski daşıdığı bildirilir. ABŞ Sahil Mühafizəsinin Qərbi Alyaska və Arktika Bölgəsi Komandanı Kristofer Kulpapper bildirib:
“Mümkün çirklənmə əlamətlərinə qarşı müdaxilə üçün Zodiac Maritime ilə sıx əməkdaşlıq edirik.”
Yanğının gəminin yükündə olan elektrikli avtomobillərdən qaynaqlandığı iddia olunur.
Nigar Hacılı
"Cebheinfo.az"