İrana hücumu mətbuata kim sızdırıb?

Pentaqonun kəşfiyyat bölməsi olan Müdafiə Kəşfiyyat Agentliyi tərəfindən hazırlanan və ölkənin İrana qarşı həyata keçirdiyi hava hücumları ilə bağlı ilkin hesabatın mediaya sızdırılması ilə əlaqədar araşdırma başladılıb.
Bunu ABŞ-nin müdafiə naziri Pit Heqset açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Heqset bu barədə NATO Zirvəsində iştirak etmək üçün səfərdə olduğu Haaqada jurnalistlərin suallarını cavablandırarkən bildirib.
ABŞ-nin İrana qarşı həyata keçirdiyi hava hücumlarının bu ölkənin nüvə imkanlarını tamamilə sıradan çıxardığını yenidən vurğulayan nazir “çox məxfi” kimi dəyərləndirilən hesabatın sızdırılması ilə bağlı yayılan xəbərlərin “siyasi məqsəd daşıdığını” iddia edib.
Heqset "Bu məsələ ilə bağlı hazırda Federal Təhqiqat Bürosu (FTB) ilə birgə araşdırma aparırıq. Həmin hesabat yalnız daxili istifadə üçün nəzərdə tutulmuşdu. CNN və digər media qurumları isə bu məlumatlardan Prezidentimizi gözdən salmaq üçün istifadə etdilər", – deyib.
Prezident Donald Trampın da iştirak etdiyi mətbuat konfransında çıxış edən Heqset hava hücumlarının hədəfləri dəqiqliklə vurduğunu və gözlənilən dağıdıcı təsiri yaratdığını bildirib:“Bunu İran da çox gözəl bilir".
O, yenidən hesabatı yayımlayan mediaya sərt tənqidlər ünvanlayıb:
“Fordoda baş verənləri düzgün dəyərləndirmək istəyirsinizsə, böyük bir kürək götürüb dərindən qazmalısınız. Çünki İranın nüvə proqramı tamamilə məhv edilib".
Ağ Evin mətbuat katibi Karolin Leavitt də jurnalistlərə açıqlamasında hesabatı ilk dəfə yayımlayan CNN və “New York Time”s-ın Trampa və ordu nümayəndələrinə qarşı “iyrənc bir iş gördüyünü” deyib. Məlumatı sızdıran şəxsin müəyyənləşdiriləcəyi təqdirdə həbs ediləcək.
Qeyd edək ki, CNN-in ilk olaraq gündəmə gətirdiyi Pentaqonun ilkin kəşfiyyat qiymətləndirməsində ABŞ-nin həftəsonu İranın üç nüvə obyektinə təşkil etdiyi hava hücumlarının nüvə proqramının əsas infrastrukturunu tamamilə məhv etmədiyi, sadəcə bir neçə aylıq geriyə apardığı qeyd olunub.
Prezident Donald Tramp 21 iyun tarixində bəyan edib ki, ABŞ-yə məxsus B-2 bombardmançı təyyarələri İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən nüvə obyektlərini hədəf alaraq hava hücumu həyata keçirib. Tramp bu hücumların İranın uran zənginləşdirmə obyektlərini “tamamilə və kökündən məhv etdiyini” iddia edib.
Əfsanə
"Cebheinfo.az"