Ərdoğan: “Hörmüz boğazı bağlanmayacaq”

“Türkiyə əmindir ki, İran enerji daşıyıcılarının dünya bazarlarına daşındığı vacib marşrut olan Hörmüz boğazını bağlamayacaq”.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Haaqada keçirilən sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
"Hörmüz boğazının bağlanması böyük problem yaradacaq. Biz əminik ki, İran belə bir addım atmayacaq. Son günlər yaranmış gərginlik bir daha göstərdi ki, enerji təhlükəsizliyi nə qədər önəmlidir", – deyə Ərdoğan vurğulayıb.
Prezident bildirib ki, iki gün əvvəl İrandan Türkiyəyə təbii qazın kəsildiyi barədə şayiələr yayılıb:
“Mən dərhal bu məsələni energetika nazirimlə müzakirə etdim. O da öz növbəsində iranlı həmkarı ilə əlaqə saxladı. Əslində belə bir vəziyyət yoxdur. Hətta biz İran Prezidenti Məsud Pezeşkianla da danışdıq. Qaz təchizatının kəsilməsi ilə bağlı bir durumun yarana biləcəyini belə düşünmürük. Aramızda heç bir problem yoxdur”.
Onun sözlərinə görə, Türkiyə enerji idxalını azaltmaq və daxili hasilatı artırmaqla enerji sahəsində tam müstəqillik əldə etməyə çalışır:
"Biz öz enerji resurslarımızın artırılması üzərində ciddi işləyirik. Gabar dağlarında neft, Qara dənizdə isə təbii qaz hasil edirik və bu sahədə hasilatı genişləndirmək istəyirik. Məqsədimiz idxalı azaltmaq və hasilatı artırmaqla enerji baxımından tam müstəqil olmaqdır. Son hədəfimiz isə Türkiyəni enerji və texnologiya ixrac edən ölkəyə çevirməkdir", – deyə Prezident qeyd edib.
Səbinə Uğur
"Cebheinfo.az"