“Chatham House”: "Aşuraya qədər Xameneyi ictimaiyyət qarşısına çıxmasa..."

İranın dini lideri Ayətullah Əli Xamneyi bir həftəyə yaxındır ki, ictimaiyyət qarşısına çıxmır.
Onun sui-qəsd ehtimalına görə bunkerdə olduğu iddia edilir. Hakimiyyət birmənalı açıqlama verməsə də, bu susqunluq ölkədə təşviş və siyasi aktivliyi artırıb.
"Cebheinfo.az" xəbər verir ki, İsrailin İrandakı hərbi və nüvə hədəflərinə hücumları ilə başlayan müharibə müvəqqəti atəşkəslə 14-cü günündə dayandırılıb. Ancaq indi bütün dünya başqa bir sual üzərində düşünür: İranın dini lideri Ayətullah Əli Xameneyi haradadır? Xameneyinin durumu ilə bağlı dəqiq məlumat yoxdur. İranda mərkəzi fiqur olan Xameneyi həm ictimaiyyətdə, həm də siyasi dairələrdə ciddi maraq və narahatlıq yaradıb. İran dövlət televiziyasının aparıcısı bu susqunluğu şübhə altına alan ilk rəsmi səslərdən biri olub. Xameneyinin ofisinin rəsmisinə efirdə "İnsanlar ali liderdən çox narahatdırlar. Onun necə olduğunu deyə bilərsinizmi?" deyə soruşduqda Arxiv İdarəsinin rəisi Mehdi Fəzaəli aydın cavab vermək əvəzinə, "Hamımız dua etməliyik. Ali rəhbərin müdafiəsinə cavabdeh olan insanlar öz işlərini layiqincə yerinə yetirirlər",- deyib.
İranın təhlükəsizlik dairələrinin bildirdiyinə görə, Xameneyi sui-qəsd riski səbəbindən bunkerdə gizlənir. Bildirilir ki, mümkün hücumlardan qorunmaq üçün bütün təmaslardan, o cümlədən elektron ünsiyyətdən yayınır. Xameneyinin bu proses zamanı 3 din xadimini potensial varis təyin etdiyi barədə də iddialar var. İran İnqilabı Keşikçiləri Korpusunun komandirinin oğlu və siyasi analitik Həmzə Səfəvi İsrailin atəşkəs dövründə belə, sui-qəsdə cəhd edə biləcəyinə inanıldığını və bu səbəbdən fövqəladə təhlükəsizlik protokollarının olduğunu bildirib. Britaniyanın “Chatham House” analitik mərkəzinin Yaxın Şərq üzrə direktoru Sənam Vəkil bildirib ki, Xameneyinin görünməməsi ciddi əlamət ola bilər. İran xalqının öz dini liderinin üzünü görmək istədiyini vurğulayan Vəkil "Aşura mərasiminə qədər ictimaiyyət qarşısına çıxmasa, bu vəziyyət onun səhhəti və ya rəhbərliyi ilə bağlı narahatlıqları artırır",- deyib. Məhərrəm ayı çərçivəsində iyulun əvvəlində Aşura mərasimləri keçiriləcək. Bildirilir ki, Xameneyi o vaxta qədər ictimaiyyət qarşısına çıxmasa, İranda siyasi vəziyyət daha da mürəkkəbləşə bilər.
Nigar
"Cebheinfo.az"