Serbiyada dövlət çevrilişinə cəhdin qarşısını alıb

Serbiyada dövlət çevrilişinə cəhdin qarşısını alıb

Serbiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları Təhlükəsizlik və İnformasiya Agentliyinin (BİA) dəstəyi və Belqrad Prokurorluğunun tapşırığı ilə dövlət çevrilişində şübhəli bilinən 6 nəfəri saxlayıb.

APA xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqın məlumatına görə, iyunun 21-də həmin şəxslər Kralyevo şəhərindəki oteldə görüşüb və Serbiyada hakimiyyətin zorla dəyişdirilməsi planını müzakirə ediblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, onlar odlu silahdan istifadə etməklə dövlət məmurlarına basqın etmək, polis əməkdaşlarını tərksilah etməyə cəhd göstərmək, dövlət binalarına, digər dövlət qurumlarına, habelə Serbiyanın Radio və Televiziyasının (RTS), Happy TV kanalının və İnformer portalının redaksiyalarına soxulmaq niyyətində olublar.

Şübhəlilərdən birinin avtomobilinə baxış zamanı seriya nömrəsi pozulmuş tapança, içərisində 7 ədəd patron olan güllə darağı və 25 ədəd əlavə patron olan qutu aşkar edilib. Onun barəsində də qanunsuz silah və partlayıcı maddələrin saxlanması və daşınması ilə bağlı iş açılıb. Saxlanılan digər şəxsdən isə arbalet götürülüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılan şəxslər 48 saata qədər həbsdə saxlanılacaq, bundan sonra onlar müvafiq ittihamlarla prokurorluğa aparılacaqlar. Axtarışlar Serbiyanın bir neçə yerində aparılır.

"Cebheinfo.az"