İran Beer-Şevadakı universitetin altı laboratoriyasını dağıdıb

İsrailin cənubundakı Beer-Şeva şəhərindəki Ben-Qurion adına Universitet iyunun 19-da İrandan atılan raket zərbəsi nəticəsində ciddi ziyan görüb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.
Qeyd olunur ki, Ben-Qurion adına Universitetə bağlı Beer-Şeva şəhərindəki Soroka Tibb Mərkəzinin ərazisinə raket düşməsi zamanı bu universitetin altı tədqiqat laboratoriyası dağıdılıb, daha doqquzu isə zədələnib.
Universitetdən verilən məlumata görə, raket zərbəsi nəticəsində tibb və biologiya sahələrində müxtəlif tədqiqat layihələri üzərində uzun illər aparılan işlərin nəticələri məhv edilib.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İran cavab hücumu həyata keçirib. ABŞ münaqişəyə eskalasiyadan doqquz gün sonra daxil olub: iyunun 22-nə keçən gecə ABŞ Silahlı Qüvvələri İranın üç nüvə obyektinə hücum edib. İyunun 23-ü axşam saatlarında Tehran ABŞ-nin Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl-Udeyd aviabazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, itki yoxdur və ciddi ziyan dəyməyib. Daha sonra ABŞ Prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəs barədə razılığa gəldiklərini açıqlayıb. Atəşkəs iyunun 24-də qüvvəyə minib.
"Cebheinfo.az"