Azərbaycanın da qoşulacağı saziş Trampın gündəmindədir

ABŞ Prezidenti Donald Trampın əsas prioritetlərindən biri “İbrahim razılaşmaları”nın genişləndirilməsidir və yaxın vaxtlarda bu razılaşmalara bir neçə ölkənin qoşulacağı gözlənilir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff məlumat verib.
“Prezidentin əsas məqsədlərindən biri odur ki, “İbrahim razılaşmaları”na daha çox ölkə qoşulsun. Düşünürəm ki, yaxın zamanda bu razılaşmalara yeni ölkələrin qatılması ilə bağlı mühüm açıqlamalar veriləcək”, – deyə o, "CNBC" telekanalına müsahibəsində bildirib. Uitkoff əlavə edib ki, ABŞ elə ölkələrlə münasibətləri normallaşdırmağa çalışır ki, insanların bəzilərinin ağlına belə gəlməz. Onun sözlərinə görə, bu addım Yaxın Şərqdə sabitliyin təmin olunmasına kömək edəcək.
Qeyd edək ki, Tramp birinci prezidentlik dövrünün əsas uğurlarından biri kimi “İbrahim razılaşmaları”nı göstərir. Bu razılaşmalar 2020–2021-ci illərdə ABŞ-nin vasitəçiliyi ilə İsrail və bir sıra ərəb ölkələri arasında əldə olunub. 2020-ci ildə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş İsraillə münasibətləri normallaşdırıb. 2021-ci ildə isə Sudan İsraillə diplomatik əlaqələr quracağını elan edib.
Bu razılaşmalardan əvvəl ərəb ölkələrindən yalnız Misir (1979-cu ildə) və İordaniya (1994-cü ildə) İsraillə rəsmi münasibətlər qurmuşdu. Trampın nümayəndəsi daha əvvəl bildirmişdi ki, yaxın gələcəkdə Səudiyyə Ərəbistanı ilə yanaşı, Livan, Liviya və Suriya da “İbrahim razılaşmaları”na qoşularaq İsraillə münasibətləri normallaşdıra bilər.
Məlumat üçün bildirək ki, Azərbaycanın da “İbrahim razılaşmaları”na qoşulacağı barədə xəbərlər yayılıb.
Səbinə Uğur
"Cebheinfo.az"