Azərbaycanda səssiz problem: “Çox böyük təhlükəyə çevriləcək” 

Azərbaycanda səssiz problem: “Çox böyük təhlükəyə çevriləcək” 

2025-ci ilin iyun ayına olan məlumata görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 508,3 milyon manata çatıb.

Bu, təkcə bir ay ərzində 1,1 faiz, ilin əvvəlinə nisbətən isə 13,2 faiz artım deməkdir. Son 12 ayda isə bu göstəricidə 9 faizlik yüksəliş müşahidə olunub. Rəqəmlər ilk baxışdan cüzi dəyişiklik təsiri bağışlasa da, ölkənin ümumi kredit portfelində problemli kreditlərin payının yenidən 1,7 faizlik həddə sabitləşməsi, bank sektorunda risklərin tədricən qayıtdığını göstərir. Hazırda ölkədə vaxtı keçmiş borcların ümumi kredit portfelinə nisbəti ötən ilin sonu ilə müqayisədə artaraq 1,5%-dən 1,7%-ə yüksəlib.

Müqayisə üçün, 2023-cü ilin mayında bu nisbət 1,8% idi. Bu isə göstərir ki, problemli kreditlərin ümumi həcmi azalmaqdansa, dalğavari artım trayektoriyası üzrə hərəkət edir. Yəni əvvəlki illərdə həyata keçirilən restrukturizasiya, güzəşt və tənzimləmə mexanizmləri kredit portfelində davamlı sabitlik yaratmağa tam nail olmayıb. Ekspertlər bu artımı bir neçə amillə izah edirlər: 

*Mərkəzi Bankın uçot dərəcəsini yüksək səviyyədə saxlaması fonunda bank kreditlərinin bahalaşması; 

*Ailə və kiçik biznes gəlirlərinin inflyasiya fonunda real olaraq zəifləməsi; 

*Ödəniş intizamında pozulmaların tədricən artması və bəzi seqmentlərdə əməkhaqqı gecikmələri.

Bütün bunlar onu göstərir ki, problemli kredit məsələsi sadəcə bank sektorunun riski deyil, həm də əhalinin maliyyə dayanıqlığına təsir edən sosial məsələdir.

Bu tendensiya davam edərsə, ölkənin maliyyə sistemində hansı risklər yarana bilər? Banklar necə davranmalı, Mərkəzi Bank hansı alətlərlə müdaxilə etməlidir? 

"Cebheinfo.az" - a açıqlamasında iqtisadçı - ekspert Natiq Cəfərli bildirib ki, ölkədə istehlak kreditlərinin artması fonunda problemli kreditlərin də sürətlə çoxalması təəccüblü deyil. Onun sözlərinə görə, insanlar sosial və iqtisadi çətinliklərini daha çox bank kreditləri hesabına həll etməyə çalışırlar. Lakin bu kreditlərin yüksək faizlə verilməsi geri ödənişdə ciddi problemlərə yol açır:

"İnsanlar sosial problemlərini istehlak kreditləri ilə həll etməyə çalışırlar. Lakin verilən kreditlərin faizi yüksək olduğu üçün sonradan onların geri qaytarılması ilə bağlı problemlər yaşanır. İşsizliklə bağlı problemlərin olmasını, gəlirlərin aşağı düşməsini nəzərə alaraq rəsmi rəqəmlərə əsasən deyə bilərik ki, Azərbaycanda nominal gəlirlər belə azalıb. Bu səbəbdən də problemli kredit məsələsi kifayət qədər yüksək sürətlə böyüyür". 

Ekspert onu da bildirib ki, Azərbaycanda istər istehlak, istərsə də biznes kreditlərinin faizləri dünya ilə müqayisədə olduqca yüksəkdir:

"Bu isə həm vətəndaşlara, həm də biznesə əlavə yükdür. Çünki böyük faizlər olduqda biznes inkişaf edə bilmir, kiçik və orta sahibkarlıq əziyyət çəkir. Faizin azaldılması üçün dövlətin görəcəyi işlər var. Problemli kreditlərlə bağlı uzun illərdir müzakirələr gedir, amma addım atılmır".

Natiq Cəfərli dünya təcrübəsinə istinad edərək bildirib ki, bir çox ölkələrdə kredit resursları süni şəkildə ucuzlaşdırılır, bu isə iqtisadi aktivliyi stimullaşdırmaq məqsədi daşıyır:

"Dünyanın bütün ölkələrində kredit resursları çox ucuzlaşıb, hətta Avropa və Amerikada sıfıra yaxın vəziyyət yaranıb. Dövlətlər bunu bilərəkdən edirlər ki, iqtisadiyyat canlansın. İpoteka, istehlak, biznes kreditləri ucuz olsa, iqtisadiyyatın çarxları daha tez dönməyə başlayacaq. Problemli kreditlərin azalmasını müşahidə edəcəyik". 

Ekspert xəbərdarlıq edib ki, əgər mövcud kredit siyasəti dəyişməzsə, dövlət bir müddət sonra daha böyük fəsadları önləmək üçün məcburən müdaxilə etməli olacaq:

"Kredit siyasəti indiki kimi davam etsə, bir müddət sonra dövlət müdaxilə etməyə məcbur qalacaq. Bu, bank sektoru üçün çox böyük təhlükəyə çevriləcək və dövlət məcbur qalacaq ki, milyardlarla vəsait xərcləsin. Amma bunun əvəzinə önləyici tədbirlər görülsə, əlavə vəsaitə ehtiyac qalmayacaq". 

Səbinə Uğur 
"Cebheinfo.az "