Əhalinin alıcılıq qabiliyyəti azalacaq: Əgər... 

Əhalinin alıcılıq qabiliyyəti azalacaq: Əgər... 

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 641.4 milyon manat vəsait daxil olub.

Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 201.9 milyon manata bərabər olub. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 14.7% və ya 110.1 milyon manat, banklardan xaricə köçürmələr isə 8.3% və ya 18.3 milyon manat azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 751.5 milyon manat daxil olub.

Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 220.2 milyon manat təşkil edib. Vəsaitin həcminin azalması alıcılıq qabiliyyətinin də azalmasına gətirib çıxaracaqmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov "Cebheinfo.az"-a bildirib ki, əgər digər göstəricilərdə dəyişiklik yoxdursa, bu, alıcılıq qabiliyyətinə təsir edəcək:

"Bu, ondan xəbər verir ki, əhaliyə az vəsait çatır. Adətən bu vəsaitləri sürətli pul köçürmələri ilə xaricdən qohumlar köçürürlər. İndi isə xaricdən pul az gəlir. Ancaq ola bilər ki, digər yollarla da pul köçürülsün. Yəni nağd yolla da ola bilər. Amma adətən belə olmur”.

Ekspert onu da qeyd edin ki, qısamüddətli dövr üzrə belə çox böyük nəticəyə gəlmək olmur: “Ancaq proses uzun müddət davam edəcəksə alıcılıq qabiliyyəti azalacaq". 

Nigar Abdullayeva 
"Cebheinfo.az"