Bu il rəqabət güclü olacaq: Ballar, universitetlərdəki durum - Hamısı bu MÜSAHİBƏDƏ

Bu il buraxılış imtahanlarında 300 bal toplamaqla ən yüksək nəticəni göstərən şagirdlərin sayı daha çox olub.
Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 26-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. Ötən qəbul imtahanlarında isə keçid balının aşağı olduğu qeyd edilsə də, bu il ölkədə yeni ali təhsil müəssisələri fəaliyyətə başlayacaq.
Cari ildə universitetlərə qəbul imtahanlarında hansı yeniliklər gözlənilir?
“Cümhuriyət”-in müsahibi Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil üzrə tədqiqatçı Elmin Nuridir:
-Builki qəbul imtahanlarının nəticələrinə görə, hansı ixtisas qrupları arasında daha çox rəqabət olacaq?
- Builki proqnozlara görə, ali məktəbə qəbul imtahanında iştirak edərək lazımi bal toplamış abituriyentlər arasında I ixtisas qrupunda daha çox rəqabət olacaq. Xüsusən Rİ altqrupu var və İT ixtisasları üzərində rəqabətin daha da artacağı gözlənilir. Çünki ötən il “İnformatika” fənni ilk dəfə olaraq I ixtisas qrupunda imtahana salınmışdı və çox abituriyent maraq göstərmirdi.
“İnformatika”dan imtahan verməyən abituriyentlər kodlaşdırmada İT əsaslı ixtisasları seçə bilmirdilər. Ancaq bu il əksinə olub. Artıq I qrupu seçən abituriyentlər “İnformatika” fənni üzrə hazırlaşır. Bu il kəskin surətdə İT əsaslı ixtisaslar, “İnformasiya təhlükəsizliyi”, “Kompüter elmləri”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları” ixtisaslarında çox ciddi rəqabət olacaq.
Ötən il də I qrup üstünlük təşkil edirdi. Artıq III qrupda rəqabət artdı. Gözlənilmədən pedaqoji ixtisaslarda plan yerləri bir qədər azaldıldı. Çünki dövlət hesablayır ki, müəllim ixtisası ilə bağlı məzun sayı çox olsa da, hamısı işlə təmin edilə bilmir. Əslində bu, doğru addım idi. MİQ imtahanlarında 40 min nəfər imtahan verirsə, yerlərin sayı cəmi 3-4 min olur. Plan yerləri azaldığına görə, orada rəqabət artdı. Ancaq təbii ki, I qrupdakı rəqabətə çata bilməz. Ümumiyyətlə, I qrup üzrə əmək bazarında tələbat daha çoxdur.
-Bu il ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının sayında artım olub. Sizcə, tələbələr hansı universitetlərə daha çox üstünlük verəcəklər?
-Bu ixtisasların dominantlıq daşıdığı universitetlər hansıdırsa, əsas rəqabət ünvanı da onlar olacaq. Burada ilk yerdə Bakı Ali Neft Məktəbi yer alır. Çünki sadaladığımız ixtisasların demək olar ki, hamısı bu universitetdə var. Daha sonra yeni açılan universitetlərimizdə rəqabət mexanizmi çox güclü olacaq. Həm İT ixtisasların, həm yeni açıldığına, həm də yeni universitetlərdə oxumaq mənəvi bir üstünlük daşıdığına, ilk dəfə qəbul aparıldığına və nəhayət, qəbul ödənişsiz əsaslarla aparılacağına görə rəqabət geniş olacaq. Biz bu gün cəmiyyətin marağını ölçmək istəsək, görərik ki, hazırda universitetə hazırlaşan hər 10 abituriyentdən az 7-8 nəfəri ya Qarabağ Universitetində, ya da Türkiyə-Azərbaycan Universitetində oxumaq istəyəcək. Ancaq istəmək azdır.
Çünki nazirlik tərəfindən də elan olundu ki, Qarabağ Universitetində bütün ixtisaslar üzrə 1200 tələbə üçün plan yeri ayrılacaq. Bu, region universiteti üçün yaxşı rəqəm olsa da, ümumi say göstəricisinə görə o qədər də böyük rəqəm deyil. Ötən il yalnız “Kompüter mühəndisliyi” ixtisası üzrə bütün universitetlərdə 800 plan yeri ayrılmışdı. Qarabağ Universitetində də İT, iqtisadiyyat-marketinq, humanitar əsaslı ixtisaslar var. Adıçəkilən universitetə maraq isə çoxdur. Bu, o deməkdir ki, ən seçilmiş tələbələrimiz orada təhsil almaq imkanı qazanacaqlar.
Məsələn, Bakı Ali Neft Məktəbində hətta “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə keçid balı 680 olmuşdu. Bu, rəqabətə görə olur. Bir ixtisasın dəyərini, onun keçid balının artmasını əsaslandıran əsas şərt abituriyentin marağı, seçimlər və plan yerləridir. Görünən odur ki, Qarabağ Universitetində plan yerləri az, rəqabət çox olacaq.
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı rəsmi rəqəmlər açıqlanmayıb. Düşünürəm ki, orada plan yerləri Qarabağ Universitetindən də az olacaq. Mən 800-dən yuxarı olacağını düşünmürəm. Eşitdiyimə görə, Türkiyədən təhsil mütəxəssisləri gəliblər və həmin ölkənin 4 böyük universiteti əməkdaşlıq ediləcək. Bu universitetlər Hacettepe Universiteti, İstanbul Texnik Universiteti kimi ali təhsil ocaqları, Azərbaycan tərəfdən isə hələlik yeganə tərəfdaş Azərbaycan Texniki Universitetdir.
Ümumiyyətlə, Türkiyə- Azərbaycan Universitetində təhsil çətin olacaq. Bakı Ali Neft Məktəbinə qəbul balı bu universitetin yanında “yumşaq” nümunə sayılacaq. Türkiyə-Azərbaycan Universitetində 650 bal sıradan bir hala çevriləcək. Çünki plan yeri az, təhsil keyfiyyəti çox yüksək, ikili diplom, abituriyent marağı isə çoxdur. Türkiyə-Azərbaycan Universitetində əsasən I qrupa aid olan ixtisaslardır. Abituriyentlərin sayı isə 10 minlərlədir. Onların arasından ən yüksək bal toplayanlar qəbul olmaq imkanı qazanacaqlar.
-Əgər yüksək bal toplayan abituriyentlər yeni ali təhsil ocaqlarına üstünlük versələr, o zaman aşağı bal toplayanlar, məsələn, 150-250 bal toplayanlar digər universitetləri seçməli olacaqlar?
-Ümumiyyətlə, plan yerlərində düşünmürəm ki, “axsama” olsun. Üç növ- aşağı, orta, yüksək abituriyent qrupu var. Qarabağ Universiteti, Türkiyə-Azərbaycan Universiteti, BANM, “ADA” Universiteti kimi bu qəbildən olanları onsuz da I qrupa aid olan yüksək abituriyentlər seçir. Onların faizi ümumi abituriyentlərin 10 faizini təşkil etmir.
Məsələn, hər il 100 minə yaxın abituriyent imtahan verir. Yerdə qalan 90 faiz abituriyentlər isə aşağı-orta statistikaya malikdirlər ki, onlara hər zaman yer var. Nə qədər ki, bizim cəmiyyətdə “yetər ki, övladım tələbə adını qazansın”, “hansı ixtisas olursa –olsun, təki qəbul olsun” kimi düşüncə varsa, bizim universitetlərdə plan yerləri “axsamayacaq”. Bundan tam əmin ola bilərik.
-Adətən, 150-250 bal toplayan abituriyentlər regionlardakı ali təhsil müəssisələrini seçsə də, bunu “müvəqqəti keçid” mərhələsi, tələbə transferi hesab edirlər....
-Mən artıq neçə ildir şahidi oluram ki, 150 bal toplayan abituriyentlərimiz belə, bölgə universitetlərini bəyənmir. Məsələn, mən həmin abituriyentlərdən birinə deyirəm ki, 188 bal toplamısan, sənin üçün Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Lənkəran Dövlət Universitetini yaza bilərik. Bu bal çox aşağıdır. Halbuki bir neçə il öncə 200 minimal bal idi. Bu gün 188 bal toplayan abituriyent belə, bölgə universitetlərimizi bəyənmir. Bu, acınacaqlı haldır. Əgər bu qədər aşağı balı toplayan bölgə universitetini bəyənmirsə, biz 480 balı toplayan abituriyenti oraya apara bilmərik.
Aşağı baldan tələbə transferlərində də istifadə etməyə çalışırlar. Elə bilirlər ki, bu, asan məsələdir. Tələbə transferi üçün müəyyən bir şərt lazımdır. Onun ixtisasına uyğun Bakıdakı hansısa universitetdə boş yer olmalıdır. Burada qeyri-leqal hallar da olurdu. Hazırda tələbə transferi xüsusi portal üzərindən aparılır. Orada universitetlərə müdaxilə yoxdur. Elektron bazadan olduğuna görə neqativ hallar keçmir. Əvvəllər universitetlər bu istiqamətdə qeyri-leqal işlər görə bilirdi. İndi bu problemlər azalıb.
Köçürülmə də asan məsələ deyil. Rayonda 220 balla ödənişsiz də oxumaq mümkündür. Bakı universitetlərinə köçürüləndən sonra isə ödənişli oxumalıdır. Eləcə də fərq imtahanları var. Ən azı buraya gələn heç nədən kəsilməsə belə, 3-4 kəsir “qazanır”. Çünki məsələn, BDU-da olan 3-4 fənn Gəncə Dövlət Universitetində yoxdursa, burada avtomatik kəsir kimi sayılır. Bir sıra problemlər də yaranır. Həddindən artıq çox çətindir.
Transfer məsələsi əsasən səhiyyə, yaxınlıq, ailəsinin iş məsələsinə görə, məcburi şəkildə yaşayış yerini dəyişən şəxslərlə bağlı idi. Ancaq bu gün bölgə universitetlərinə münasibət dəyişməlidir. Bu gün region universitetləri əlindən gələni etməyə çalışırlar ki, paytaxt universitetləri ilə rəqabətə girə bilsinlər. Təəssüf ki, ən güclü universitetlərin belə, rayon filialları abituriyentlər üçün bəsit görünür. UNEC-in Zaqatala filialı var, ancaq abituriyent onu seçmir. Eləcə də BDU-nun Qazax filialına heç kim getmək istəmir. Bizim təhsilə yanaşmamız çox bəsitdir.
Nigar Abdullayeva
"Cebhe.info"