Vətəndaşlar niyə iş tapa bilmirlər?- MÜSAHİBƏ

Vətəndaşlar niyə iş tapa bilmirlər?- MÜSAHİBƏ

Azərbaycanda işsiz şəxslərin sayı 209,1 min nəfərdir.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2024-cü il may ayının 1-nə olan göstəricilərə əsasən, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin 43,0 faizini qadınlar təşkil edir.

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 412,0 manat olub.

İqtisadçı ekspert Razi Abbasbəyli “Cebhe.info”-ya müsahibəsində maraqlı məqamlara toxunub.

- Razi bəy, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər haqda nə deyə bilərsiniz?

- Əlbəttə, Dövlət Statistika Komitəsinin açıqladığı bu rəqəm reallığı əks etdirmir. Azərbaycanda real olaraq işsizlərin sayı dəfələrlə çoxdur. Sadəcə olaraq qeyd edilən rəqəmlər rəsmi sistem üzrə işsiz kimi qeydiyyata almış şəxslərin məlumatlarıdır. Azərbaycanda əhalinin böyük bir hissəsi demək olar ki, işsiz olmasına baxmayaraq, ümumiyyətlə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq alt sisteminə müraciət etmir.

- Əhalinin Dövlət Məşğulluq Agentliyinə müraciət etməməsinə səbəb nədir? 

- Bunun bir sıra səbəbləri var. Ən başlıca səbəb odur ki, illərlə işsiz statusunda olan vətəndaşlara ya iş təklif edilmir, ya da normal işlə təmin edilmirlər. Adətən təklif edilən işlər uzun iş saatları və aşağı əməkhaqqı olan işlərdir. Bu vakansiyalar əsasən özəl sektor üzrə təqdim edilir. Dövlət sektoruna aid olan vakansiyalara çox nadir hallarda rast gəlinir. Bu vakansiyalar da real olaraq mövcud olmur. Yəni göstərilən vakansiyalara müraciət edəndə məlum olur ki, həmin vakansiyalar əslində yoxdur. 

- Praktikada bununla qarşılaşanlar var? 

- Əlbəttə. Hətta məşğulluq mərkəzlərindən göndərişlə dövlət müəssisələri tərəfindən çıxarılan vakansiyalar üçün müraciət edən şəxslərə vakansiyaların realda mövcud olmadığı deyilir. Bu baxımdan da Dövlət Statistika Komitəsinin açıqladığı bu rəqəmlər həqiqəti əks etdirə bilməz. 

- Ona görə Azərbaycan vətəndaşları Dövlət Məşğulluq Agentliyinin alt sistemində işsiz statusu qazanmaq üçün müraciət etməkdə maraqlı deyil? 

- Ona görə ki, işsizlər üçün nəzərdə tutulan müavinətlər adətən verilmir. Düzdür, Azərbaycanda işsizliyə görə müavinət müəyyən edilib. Bu, 2024-cü ilin may ayının 1-nə olan göstəricilərə əsasən  412 manatdır. Lakin Azərbaycanda illərlə işsiz statusunda olan vətəndaşlar bu müavinətləri ala bilmirlər. Bu da müvafiq qanunvericilikdə boşluqlar olduğu üçündür.

- Hansı boşluqları nəzərdə tutursunuz?

- Boşluqlar ondan ibarətdir ki, vətəndaş uzun müddət əgər işsiz statusunda qalırsa, ona məşğulluq mərkəzləri tərəfindən vakansiya təqdim edilmirsə, onlara müavinət təyin olunmalıdır. Lakin vətəndaşın xəbəri olmadan elektron kabinetə ona guya hansısa müəssisədə iş təklif edilməsi, lakin onun işləməkdən imtina etməsi barədə məlumat daxil edilir və ona görə də müavinət təyin olunmur. Müavinətlər adətən işləyib və iş yerini itirən, iş stajı minimum 5 ildən çox olan şəxslərə 6 ay müddətinə təyin olunur.

- Bu baxımdan hesab edirsiniz ki, vətəndaşlar agentlik vasitəsilə iş tapa bilmirlər? 

- Bəli. Vətəndaş onsuz da həmin sistemdən iş tapa bilmir. Onsuz da o sistemdə işsiz statusunda olması ona heç bir maddi avantaj yaratmır və onun üçün heç bir maddi dəstək nəzərdə tutulmur. Buna görə də vətəndaşlar işsizliklə bağlı ora müraciət etməkdə maraqlı deyirlər və mövcud rəqəmlər də reallığı əks etdirə bilməz. 

- Pandemiya dönəmində işsiz status almaq üçün müraciət edən vətəndaşların sayı xeyli çox idi.

- Bəli. 2020-ci ildə pandemiya dövründə karantin qadağaları tətbiq edilən zaman bidəfəlik yardımlar nəzərdə tutulmuşdu. İşləməyən vətəndaşlar üçün birdəfəlik yardımların təyin edilməsi ilə bağlı ortaya daha real mənzərə çıxmışdı. O zaman təxminən 900 minə yaxın Azərbaycan vətəndaşı faktiki olaraq işsiz olduğuna görə 190 manat birdəfəlik yardımı almaq üçün müraciət etmişdi. 100 minlərlə insana birdəfəlik 190 manatlıq yardım göstərildi. Yəni sistem həm də rəsmi olaraq etiraf edirdi ki, ölkədə bu insanlar işsizdir. 

- Deyirlər ki, ölkədə qadınların iş tapması daha rahatdır. 

- Azərbaycanda əhalinin say tərkibinə baxdıqda kişilər və qadınlar arasında böyük bir fərq yoxdur. Sadəcə olaraq burada məsələ qadınların daha aşağı kateqoriyada xidmət sektorlarında işləyə bilməsidir. Eyni zamanda, onların işlə bağlı müraciətlərinin az olmasıdır. Evdar qadınların sayı Azərbaycanda kifayət qədər çoxdur. Bu, ümumən qadınların sayında  təxminən 17 faizə qədər təşkil edir. Bu da iş axtaran qadınların sayının aşağı olmasına gətirib çıxarır. 

- Burada səbəbin mental olduğunu deyə bilərik?

- Əlbəttə, mental məsələlər var. Ona görə də qadınların daha rahat iş tapa bilməsi deyə bir anlayış yoxdur. Azərbaycanda işləyənlərin böyük əksəriyyəti kişilərdir. Bu, beynəlxalq hesabatlarda öz əksini tapıb. Hətta Azərbaycan bu məsələ ilə bağlı bəzən gender prinsiplərinin pozulması ilə bağlı tənqid də edilir. Əlbəttə, ölkəmizə qarşı mənfi ritorika sərgiləyən ölkələr tərəfindən bu tənqidlər var. 

- Lakin buna baxmayaraq, ölkəmizdə qadınların iş tapmasının çətin olduğunu demək doğru deyil? 

- Azərbaycanda ümumiyyətlə, həm qadınlar, həm də kişilər üçün iş tapmaq çətindir. Həm də tapdıqları işin istehlak səbətinə adekvat olması mümkün deyil. Bu problemlər mövcuddur və aradan qaldırılması üçün müvafiq addımlar atılmalıdır.

Həsən Məmmədov
“Cebhe.info”