Vəkillər Kollegiyasının sədri Şahin Şıxlinskidən danışdı:"Davam edir 37..."

Vəkillər Kollegiyasının sədri Şahin Şıxlinskidən danışdı:"Davam edir 37..."

Vəkillər Kollegiyasının sədri Anar Bağırov Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin saxlanılmasına münasibət bildirib. 

​"Cebheinfo.az" xəbərverirki,  o, Şahin Şıxlinskini uzun illərdir şəxsən tanıdığını deyib:

"Özü və oğlu Rusiyada təcrübəli vəkillərdir. Onların bir tək "günahı" son günlər qanunsuz həbs olunmuş diaspora üzvlərinin hüquqlarını müdafiə etmələridir. Dünən bütün dünyaya yayılmış vəhşicəsinə döyülmüş soydaşlarımızın məhkəmə prosesində Şıxlinskilər müdafiəçi qismində iştirak ediblər və məhz buna görə bu gün onlara qarşı zorakılıq tətbiq edilir, vəkil olan ata və oğul  qatı cinayətkarlar kimi hər kəsin gözü qarşısında təhqir olunur, döyülürlər. Şahin müəllim, həmçinin tanınmış iş adamıdır, diaspor rəhbəridir. Artıq vəkillər, hüquqşünaslar peşə fəaliyyətlərinə görə qanunsuz həbs olunurlar, onlara qarşı alçaldıcı şəkildə qeyri-adekvat güc tətbiq olunur". 

O bildirib ki, ən qısa zamanda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından bu dəhşətli faktlarla bağlı beynəlxalq hüquqmüdafiə təşkilatlarına müraciət olunacaq:

"Rusiyanın güç strukturları tərəfindən soydaşlarımıza qarşı törədilənlərin əsl adı vəhşilikdir, qeyri-insani rəftardır, barbarlıqdır. Görünən odur ki, Rusiyada hüquq və hüquqlar mövcud deyil, orada istənilən şəxsi küçədə döyüb alçaldırlar, milli mənsubiyyətinə, peşə fəaliyyətinə görə insanlar öldürülür, döyülür, işgəncəyə məruz qalırlar. Dövlətin güc strukturları işgəncə makinasına çevrilib, cəlladlar qanun üzərində rəqs edirlər. 1937-ci ildə üç babam  millətçilikdə ittiham olunaraq "xalq düşmənləri" adlandırılıb və Stalin repressiyası qurbanları  olaraq kontslagerlərdə öldürülüb. Görünən odur ki, 90 il sonra heç nə dəyişməyib və babalarımı öldürən canilər hazırda soydaşlarımızı öldürürlər. Stalin cəlladları ejovların, yaqodalarının nəticələri bu gün yenə iş başındadılar. Davam edir 37, daha kəskin, daha ciddi..."

"Cebheinfo.az"