İşsiz və işaxtaranlar üçün: Yeni qanunun qəbulu ilə nə dəyişəcək?

Azərbaycanda işsiz və işaxtaran şəxslərə yönəlik yeni qanun layihələri hazırlanacaq.
Bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə “Yol xəritəsi”ndə öz əksini tapıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək işsiz və işaxtaran şəxslərə yönəlik məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması, o cümlədən bu sahədə mütərəqqi beynəlxalq təcrübələr nəzərə alınmaqla yeni mexanizmlərin tətbiqini nəzərdə tutan qanunvericilik layihələrini hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.
Qeyd edək ki, ölkədə kifayət qədər işsiz vətəndaşlar var. Hazırda ölkədə əhalinin işlə təminatı sahəsində Dövlət Məşğulluq Agentliyi və "DOST" mərkəzləri fəaliyyət göstərir.
Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətlərindən biri də işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsini təmin etməkdir.
Bu gün reallıq isə odur ki, vətəndaşlar iş əldə etmək üçün müvafiq qurumlara müraciət etsələr də müsbət nəticə əldə edə bilmirlər.
Bu sahədə Azərbaycanda yeni hazırlanacaq qanunvericilik layihəsi nəyi dəyişəcək və xaricdə əhalinin işlə təminatındakı mövcud hansı müsbət məqamları öyrənməlidir?
İqtisadçı-ekspert Razi Abbasbəyli "Cebhe.info"-ya bildirdi ki, yeni qanunvericilikdə şəffaflıq prinsipləri irəli sürülməlidir:
"Ölkədəki Dövlət Məşğulluq Agentliyi və "DOST" mərkəzləri məşğulluq altsistemi mövcud olsa da, özünü doğrultmur. Çünki dövlət qurumlarının və özəl təşkilatların işəgötürənlərin tələbləri, vakansiyalar orada göstərilmir. Yəni nə dövlət qurumları, nə digər işəgötürənlərin qarşısında qanunvericiliklə sərt öhdəliklər qoyulmur.
Mövcud vakansiyalar adətən məşğulluq altsisteminə inteqrasiya edilmir. Nəticə etibarilə də işaxtaranların işlə təmin edilməsini boş vakansiyalar olmadığına görə təmin etmək mümkün olmur. Çox yaxşı olardı ki, pandemiyadan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğulluq altsistemi üzərindən nə qədər insanın işlə təmin edilməsinə dair statsitika açıqlasınlar.
Ölkədə rəsmi olaraq 70 minə yaxın işsiz var və bu rəqəm heç vaxt dəyişmir. Demək olar ki, hər il eyni rəqəmlərdir. Bu rəqəmin dəyişməməsi onu göstərir ki, bu sistem özünü doğrultmur. Bu sistemdə şəffaflıq mövcud deyil. İşəgötürənlər, xüsusilə də dövlət büdcəsi üzərindən maliyyələşən struktur və təşkilatlar qarşısında öhdəliklər qoyulmalıdır. Vakansiyalar məcburi qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq altsiteminə inteqrasiya edilməlidir.
Bu yeni qanunda əks olunmalıdır, məcburi öhdəliklər qoyulmalıdır. Bu gün ayrı-ayrı dövlət qurumları var ki, vakansiyalar elan edirlər. Bu yaxınlarda Elm və Təhsil Nazirliyi Regional Təhsil İdarələrinə işlə bağlı vakansiyalar elan ediblər. Bu işəgötürülənlər arasında tələblər qoyulmur. Yəni orta təhsilli vətəndaşlar belə, o işlərdə, təhsil müəssisələrində çalışa bilər. Bunu vahid bir mərkəzə inteqrasiya etdikdə, həmin işaxtaranlar burada şəffaf qaydada müvafiq göndərişlərlə işə qəbul üçün göndərilir.
İkinci bir məsələ odur ki, işəgötürənlərlə bağlı müsahibə mərhələsi ləğv edilməlidir. Əgər iş axtaran müvafiq tələblərə cavab verən imtahandan keçid balını toplayırsa, sonrakı müsahibə mərhələsində artıq çətinliklərlə üzləşir və artıq burada şəffaflıq prinsipləri pozulur. Yəni rüşvət, korrupsiya, müxtəlif xoşagəlməz halların ortaya çıxmasına gətirib çıxarır. Yaxşı olardı ki, xüsusi strateji əhəmiyyət daşımayan, minimum əməkhaqqı tələbləri, təsərrüfat, digər altkateqoriyalar üzrə işlərlə bağlı olaraq müsahibələr ləğv edilsin.
Məsələn, vətəndaş orta məktəbdə bağban işi üçün müraciət edir, imtahandan keçir, ikinci mərhələdə hansısa təhsil müəssisəsinin rəhbəri tərəfindən müsahibəyə cəlb edilir, belə bir rəy yazır ki, "mənim xoşuma gəlmədi". Bağban peşəsi üzrə hansısa əhəmiyyət kəsb edən cavablandırma önəmli deyil.
Burada artıq xoşagəlməz hallar, bürokratik əngəllər baş verir. Yəni qanunvericilikdə ilk növbədə bu prinsiplər nəzərə alınmalıdır. Vahid sistemə inteqrasiya olunmalı, bütün dövlət qurumlarıa işəgötürənlər qarşısında məcburi öhdəliklər qoyulmalıdır ki, vakansiyaları təqdim etsinlər".
Ekspert bildirib ki, vergi hesabatlar üzərindən də vakansiyaların olub-olmadığını avtomatik sistem özü müəyyən edə biləcək:
“Digər bir məsələ isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti mütəmadi olaraq əlində olan baza kateqoriyaları üzrə məlumatları işçi, insan resursları ilə bağlı bank informasiya məlumatlarını o vahid mərkəzə inteqrasiya etməlidir”.
Xairici ölkələrdə necə tənzimləınməsinə gəldikdə isə, ekspert deyir ki, Almaniyada konkret olaraq işəgötürənlər vakansiyaları vahid sistemə inteqrasiya etməlidirlər:
“Orada minlərlə, yüzminlərlə vakansiyalar var. Ancaq baxaq görək ölkəmizdə məşğulluq altsistemində 70 min işaxtarana nə qədər vakansiya təklif edilir? Bəzən 30-40 vakansiyadan artıq vakansiya təklif edə bilmirlər ki, onlar da real vakansiyalar deyilir.
Bu sistem ona görə özünü doğrultmur ki, real vakansiyalar mövcud deyil. Bu, vahid öhdəliklər qoyularsa, məcburi qaydada çoxlu vakansiyalarv çıxarılarsa, şəffaflıq təmin olunarsa, özünü doğruldacaq. Ancaq hələlik qanun necə, hansı prinsiplərlə hazırlanacaq, yenə də şəxsi maraqlar önə çıxacaqsa, o zaman bunun heç bir mənası, effekti olmayacaq".
Nigar Abdullayeva
"Cebhe.info"