Maaş artımı və saatlıq ödənişlə bağlı suallara cavab - MÜSAHİBƏ

Maaş artımı və saatlıq ödənişlə bağlı suallara cavab - MÜSAHİBƏ

Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır.

Bu, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı”nda öz əksini tapıb. Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılıb. Qeyd edək ki, əməkhaqqının iş saatına uyğunlaşdırılacağı qərarı ictmaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Mövzu ilə bağlı “Cebhe.info”-nun müsahibi iqtisadçı-ekspert Razi Abbasbəylidir:

- Aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Burada mexanizm necə olacaq?

-Dünya təcrübəsində bu mexanizm tətbiq olunur. Ancaq 8 saatlıq iş sistemi üçün saat üzrə əməyin qiymətləndirilməsi mexanizmi həyata keçirilmir. Yəni əgər siz hər hansı dövlət müəssisəsində saat 9.00-da işdə olub axşam saat 18.00-dək çalışmalısınızsa, bu iş zamanı həmin sahələr üzrə saatlıq əməyin qiymətləndirilməsi hesablana bilməz. Bu yalnız Avropada “part-time” deyilən günün ikinci yarısı üçün nəzərdə tutulan, xüsusilə də xidmət və təsərrüfat sektorlarında çalışanlarla bağlı mexanizmdir. Bu baxımdan, Azərbaycanda müəyyən sahələr üzrə iş saatlarının yarısını işləyən insanlara saatlar üzrə əməyin qiymətləndirilməsi tətbiq olunacaq. Bu kateqoriyalar müəyyən edilməlidir. 

Azərbaycanda tam və yarım ştat vahidi üzrə işləyənlərlə bağlı da vergi qanunvericiliyində müəyyən dəyişikliklər edilməlidir. Yəni bu istiqamətdə çalışanlarda əməyin ödənilməsi prinsiplərində ziddiyyətlər var. 

Bəzən gün ərzində 2-3 saat işi olan vətəndaşlarla 7-8 saat işləyənlərə eyni əməkhaqqı hesablanır. Bu da ədalətsizlikdir. Həmin vətəndaşların zamanının məşğul edilməsi anlayışı var. 

Məsələn, Almaniyada Sosial Demokrat Partiyasının hakimiyyətə gəlməmişdən əvvəl təklifləri var idi ki, zaman qiymətləndirilməsi həyata keçirilməlidir. Vətəndaş üçün fərqi yoxdur, o səhər saat 9.00-dan axşam saat 18.00-dək işdə olacaq. Onun üçün tapşırıq var, yoxdur, işləyəcək, ya işləməyəcək, faydalı iş əmsalı hansı səviyyədə olacaq, bu, həm də beynəxalq konvensiyalarla müəyyən edilmiş hüquqdur. Vətəndaş işə gəlir və faydalı iş əmsalının aşağı olmasının günahkarı o deyil. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıldığı kimi yeni qaydaların hazırlanmasında, beynəlxalq təcrübə nəzərə alınmalı və vətəndaşların əmək hüquqları digər qanunverici aktlarla, vergi qanunvericiliyi ilə uyğunlaşdırılmalıdır. Adətən bizdə qanunlar hazırlanan zaman digər qanunlarla uzlaşdırılmır. Qanunlara təkrar əlavə və düzəlişlərə ehtiyac yaranır. Bu da həmin qanunların işləməsini ləngidir, onların real həyatda faydalı olmasını azaldır. Ona görə də yaxşı olardı ki, bu məsələlər nəzərə alınsın. Minimimum əməkhaqqı mütləq mənada artırılmalıdır və iş saatları üzrə əməyin qiymətləndirilməsi həyata keçirilən zaman da elə prinsiplər seçilməlidir ki, o prinsiplər üzrə vətəndaşın məşğul edilmiş zamanı, işəgötürənlərin hüquqları ilə bağlı bir sıra qayda və qanunlar yeni qanunvericilikdə öz əksini tapsın. 

- Bəzi sektorlarda vəziyyət fərqlidir. Məsələn, müəllimlərin konkret dərs saatı var və o zaman saatlıq əməkhaqqı necə tənzimlənəcək? 

-Müəllimlər üçün onsuz da əməyin qiymətləndirilməsi dərs saatlarına görə həyata keçirilir. Deyilmiş dərs saatına görə müəllimlərin əməyi qiymətləndirilir əməkhaqqı ödənişində  əksini tapır. Bu, normal haldır ki, dərs saatına görə aldığı əməkhaqqı dəyişir. Yəni bu kateqoriya- əməyin görülmüş işə görə qiymətləndirilməsi təhsil işçilərinə aiddir. 

-Minimum əməkhaqqının 500 manata qədər artıırlacağı ilə bağlı fikirlər səslənir. Bu, nə dərəcədə realdır?

-Minimum əməkhaqqının nə qədər artırılacağı ilə bağlı rəqəm söyləmək doğru olmaz. Bu rəqəmləri ifadə etmək düzgün deyil. Bu, dövlət büdcəsinin xərclər maddəsinə ediləcək əlavə və dəyişikliklərlə bağlıdır. Düşünürəm ki, minimum əməkhaqqının artırılması ilə bağlı böyük bir addım olmayacaq. Vətəndaşlarının bununla bağlı böyük bir artım gözləməsinlər. Ən yaxşı halda 10 faizlik artım mümkündür. Çünki 2024-cü ilin dövlət büdcəsinə baxanda görürük ki, artımın 8-10 faizdən artıq olması üçün imkanlar nəzərdə tutulmayıb. Fantastik artımı heç kim gözləməsin. büdcənin xərclər maddəsinə iş saatlarının görülən işə görə qiymətləndirilməsi, yaxud tam iş saatlarının vahid ştat cədvəli üzrə əməkhaqqı qaydasında hesablanması ilə bağlı əlavə və dəyişikliklər olsa belə, artım 8-10 faizdən artıq olmayacaq. 

Nigar Abdullayeva
“Cebhe.info”