Həyəcan təbili: “Fars dili öyrədilən kurslar xomeyniçiliyi yayır”

Həyəcan təbili: “Fars dili öyrədilən kurslar xomeyniçiliyi yayır”

“Bakı və ölkənin digər şəhərlərində fəaliyyət göstərən xarici dil kurslarına nəzarət gücləndirilməlidir. Xüsusilə fars dili öyrədilən kurslar gənclərin şüuruna təsir edir, xomeyniçiliyi yayır”.

Bu sözləri “Cebhe.info”-ya açıqlamasında Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli deyib. Onun sözlərinə görə, İran Mədəniyyət Mərkəzi bağlansa da, “əkdiyi toxumlar” cücərir:

“Bir neçə il bundan öncə Bakıda fəaliyyət göstərən İran Mədəniyyət Mərkəzi bağlandı. Rəhbəri Əli Əkbər Ocaqnejad Azərbaycandan çıxarıldı. Ancaq unutmayaq ki, bu qurum düz 25 il AMEA-nın humanitar yönülmü institutları ilə, universitetlərin şərqşünaslıq və iranşünaslıq şöbələri ilə sıx işləmişdi. Bu təhsil mərkəzlərində dərs deyən fars dili müəllimlərinin əksəriyyəti Ocaqnejadla bu və ya digər şəkildə əlaqəli idi. Onlara hər cür şərait yaradılır, maddi dəstək verilir, əvəzində onlar İran ideologiyasının-xomeyniçiliyin təbliğatçısına çevrilirdilər”. 

Elman Cəfərli hesab edir ki, şərqşünaslıq və iranşünaslıq ixtisasları üzrə təhsil alan gənclərimizin təsir altına düşməsinə imkan vermək olmaz:

“Son illər dini fəaliyyət sahəsində xeyli islahat aparılıb. İranda təhsil alan din xadimləri məscidlərdən, ziyarətgahlardan uzaqlaşdırılıb. Onları İlahiyyat İnstitutunda təhsil almış milli düşüncəli imamlar əvəz edib. Hesab edirəm ki, şərqşünaslıq, iranşünaslıq ixtisasları üzrə təhsil verən təhsil mərkəzlərində, kurslarda, elmi-tədqiqat institutlarında da milli-sekulyar düşüncəli pedaqoqlar tədris aparmalıdırlar”. 

Elmir Mustafa 
“Cebhe.info”