Qarabağ qazilərinin ən çox verdiyi suala RƏSMİ CAVAB

Qarabağ qazilərinin ən çox verdiyi suala RƏSMİ CAVAB

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin yeni Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişikliklər edilib. 

Dəyişikliklər əlilliyin qiymətləndirilməsi üçün göndərişlərin rəsmiləşdirilməsi və qiymətləndirmə prosedurunun təkmilləşdirilməsinə, bu sahədə xidmətlərinin çevikliyinin və vətəndaş məmnunluğunun, əlillik sisteminə əlçatanlığın artırılmasına xidmət edir. Bəzən qiymətləndirməyə baxılma uzun zaman tələb edir, aylarla vaxt lazım olur.

Maraqlıdr, yeni dəyişiklikdən sonra bu müddət azalacaq? Dəyişiklikdə müddətin azaldılmasına dair hər hansı bir vaxt nəzərdə tutulub? 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, 15 gün ərzində vətəndaşın əlilliyi qiymətləndirilir:

"Göndəriş veriləndən sonra vətəndaş əlilliyin qiymətləndirilməsilə bağlı qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən vətəndaşla bağlı “forma 88” sənədi rəsmiləşdirdikdən sonra elektron formada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir.

Ondan sonra15 gün ərzində vətəndaşın əlilliyi qiymətləndirilir. Vətəndaş qiymətləndirilmədən narazı qalarsa, onlayn növbə götürərək Mərkəzi Tibbi Sosial Ekspert Komissiyasına müraciət edə bilər. Birinci elektron qiymətləndirmə olur, növbəti dəfə vətəndaş Mərkəzi Tibbi Sosial Ekspert Komissiyasına gəlir, agentliyin həkim-ekspertləri əyani şəkildə ona baxır. Əgər vətəndaşın hazırkı sağlamlıq vəziyyəti icazə verirsə, əllilik bərpa olunur, vermirsə, imtina qərarı qüvvədə saxlanılır".

O bildirib ki, “forma 88” sənədinin rəsmiləşdirilməsi istər xüsusi, istər ümumi səbəbdən olanların hər birinə aiddir:

" Qarabağ müharibəsi iştirakçıları əlillik üzrə müraciət edirsə, mütləq şəkildə qeydiyyat üzrə poliklinkaya yaxınlaşmalıdır. 

Xüsusi səbəbdən müharibə iştirakçılarının “forma 88” sənədləri elektron sistemə daxil edildikdən sonra biz onları komissiyaya dəvət edirik, yerindəcə qiymətləndirilir.

Sağlamlıq vəziyyətləri və əllərindəki sənədlər öz təsdiqini taparsa, xüsusi səbəbdən əlillik təyinatı aparılır".

Naibə
"Cebhe.info"