Bakı və İrəvan Astanada nəyə razılaşacaq?

Bakı və İrəvan Astanada nəyə razılaşacaq?

İrəvan Qazaxıstan tərəfinin təklifi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mümkün görüşünün tarixini razılıq əldə edildikdən sonra elan edəcək. 

Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda belə deyilir. Ermənistan tərəfi Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə yönəlmiş vasitəçilik səylərinə və ya danışıqlar platformalarına əməl etdiyini və onları dəstəklədiyini bildirir. Həmçinin, rəsmi İrəvan əsas prinsipləri və qarşılıqlı razılaşdırılmış sənədləri, o cümlədən bəyannamə əsasında Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünün tanınması və demarkasiyası prosesi haqqında 1991-ci il Almatı Sazişini dəstəkləyir. 

Göründüyü kimi, Ermənistan Astana danışıqlarından əvvəl Azərbaycan qarşısında müəyyən şərtlə çıxış edir. Belə ki, İrəvan bütün danışıqlarda və rəsmi səviyyədə verilən açıqlamalarında olduğu kimi, bu dəfə də Almatı Bəyannaməsi əsasında Ermənistanın ərazi bütövlüyünün Azərbaycan tərəfindən tanınmasını müzakirələrin əsas predmeti kimi irəli sürür. 

Bununla da Ermənistan başlanılmış delimitasiya prosesinin 1991-ci il xəritələri əsasında aparılmasını və ərazi bütövlüyünün məhz həmin dövrə aid sərhədlər çərçivəsində tanınmasının vacibliyini gündəmə gətirir. Lakin Almatı Bıyannaməsini pozan Ermənistan tərəfi olduğu halda, həmin sənəd üzrə razılaşdırılmış prinsipi yerinə yetirməyi Azərbaycandan tələb edir. Halbuki, Ermənistan Azərbaycana qarşı işğalçılıq fəaliyyəti həyata keçirməklə Almatı Bəyannaməsində əks olunmuş dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılması və sərhədlərin dəyişdirlməməsi prinsipini pozub. Ona görə də sözügedən prinsipə əməl etməli olan tərəf Ermənistandır. 

İkincisi, istər sərhədlərin delimitasiyası, istərsə də ərazi bütövlüyünün tanınması qarşılıqlı danışıqlar prosesi nəticəsində müəyyənləşməlidir. Danışıqlar aparılmazdan əvvəl Ermənistanın Azərbaycan qarşısında şərt irəli sürməsi Almatı Bəyannaməsinin prinsiplərinə növbəti dəfə ziddir. Azərbaycanın Almatı Bəyannaməsi üzrə götürdüyü yeganə hüquqi öhdəlik danışıqlarda iştirak etməkdir. Lakin bu öhdəliyə Ermənistan da bərabərtərəfli qaydada riayət etməlidir. Almatı Bəyannaməsi Ermənistanın iddiasının əksinə olaraq, sərhədlərin demarkasiyasını nəzərdə tutmur. Çünki bu sənədin imzalanmasında ölkələrin sərhəd xəttini göstərən hər hansı xəritələr əsas götürülməyib.

Ona görə də Almatı Bəyannaməsini imzalamış ölkələr sonradan öz aralarında sərhədlərin delimitasiyası və demarkasiyasına dair ayrıca müqavilə imzaladı. Azərbaycanla Ermənistan arasında isə dövlətlərarası sərhəd xəttini müəyyən edən müqavilə yoxdur.

Üstəlik, Azərbaycan konstitusiya ilə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Ermənistan isə Sovet dövrünün xəritələrinin əsas götürülməsini tələb edir. Sovet dövrü isə 70 ildən artıq dövrü əhatə edir. Bu baxımdan, Azərbaycan da müxtəlif illərin xəritələrində əksini tapmış sərhəd xəttinin bərpasını tələb edə bilər. Qeyd edilən səbəbdən Astana görüşündə tərəflərin sərhədlərin delimitasiyası ilə bağlı yekun razılığa gələcəyini söyləmək çətindir. Ancaq Sovet dövründə Azərbaycan SSR və Ermənistan SSR-in inzibati sərhədlərinin keçdiyi bəzi ərazilər üzrə razılaşmanın əldə edilməsi mümkündür. Lakin gözlənildiyi kimi, bu prosesi Qazax istiqamətində qısa müddətdə həyata keçirmək çətin olacaq. İlk növbədə həmin ərazilərdə Azərbaycanın işğal altında olan üç anklav kəndi var. Həmin kəndlərin ərazisindən keçən yollara nəzarət isə tərəflər arasında mübahisə predmeti olmaqla yanaşı, radikal qüvvələrin Paşinyan hakimiyyətinə qarşı etiraz alətinə çevrilib. 

Bununla yanaşı, Astana formatı çərçivəsində anklav kəndlərin Azərbaycana qaytarılması, yollardan istifadə ilə bağlı ortaq mexanizmlərin tapılması istiqamətində tərəflər ümumi mövqeyə gələ bilər. Qazax rayonu istiqamətində Ermənistan 1991-ci ilin xəritələri üzrə delimitasiyanın aparılmasında israr etsə də, bu məsələdə Azərbaycanın əlini gücləndirən bir arqument var. Belə ki, 1991-ci ilin sərhəd xətti 1975-ci ildə hazırlanmış topoqrafik xəritələr əsasında müyyən edilib. Əgər 1975-ci ilin xəritələri tətbiq olunsa, 1982-1984-cü illərdə Qazax rayonunun qanunsuz olaraq Ermənistana bağışlanmış 5 min hekara yaxın torpaq sahəsi Azərbaycana qaytarılmalıdır. 

Müşfiq Abdulla 
“Cebhe.info”