Akif Nağı: "Parlamentdə ikinci partiya olmaq istəyirik"

Akif Nağı: "Parlamentdə ikinci partiya olmaq istəyirik"

"Siyasi partiyaların əsas vəzifələrindən biri seçkilərdə fəal iştirak etməkdir”.

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı "Cebhe.info"-ya açıqlamasında deyib.

O bildirib ki, partiya öz imkanlarına uyğun olaraq bələdiyyə, parlament və prezident seçkilərində iştirak etməlidir:

"Bunun üçün imkan və sosial baza olmalıdır. Azad Vətən Partiyası da artıq ikinci ildir fəaliyyət göstərir. Ona görə də indiki imkanlarımıza uyğun olaraq parlament və bələdiyyə seçkilərində seçilməyi hədəfləyirik. Qarşıdakı aylarda parlament seçkilərinin keçirilməsi gözlənilir. Görünən odur ki, parlament seçkilərinin vaxtı əvvələ çəkiləcək.

Lakin bələdiyyə seçkilərinin vaxtında keçirilməsi gözlənilir. Buna baxmayaraq, son anda dəyişikliklər edilə bilər".

Akif Nağı deputatlığa namizəd olacağını açıqlayıb:

"Biz təbii ki, parlament seçkilərində kənarda qala bilmərik. Bizim məqsədimiz parlament partiyasına çevrilməkdir. Mən də böyük ehtimalla, deputatlığa namizədliyimi irəli sürəcəyəm. Həmçinin, digər üzvlərimizin də müxtəlif bölgələrdən namizəd olma ehtimalı var". 

O, haradan namizəd olacağı barədə də danışıb:

"Ağdam bölgəsindən namizəd olmaq istəyirəm. Əslən ağdamlı olduğum üçün bu addımı atmağı düşünürəm. İstənilən yerdə namizədliyimi irəli sürə bilərəm. Amma torpaqlarımız işğaldan azad olunandan sonra keçmiş Qarabağ Azadlıq Təşkilatının rəhbərinin Ağdamdan deputatlığa namizəd olması daha məntiqəuyğundur". 

Partiya sədri parlament seçkiləri ilə bağlı hədəflərindən də danışıb:

"Hazıra 20-25 nəfər üzvümüz deputatlığa namizəd olmaq istəyir. Amma seçkilərdə iştirak etmək üçün həm maliyyə xərcləri lazımdır, həm də komanda formalaşmalıdır. Həmçinin, namizədlərimizin hansı bölgədə qazanma ehtimalının yüksək olduğuna baxmaq lazımdır.

Bütün bunların hamısı parlament seçkilərinin günü təyin olunandan sonra məlum olacaq. 

Parlamentdə ən azı 25 nəfər deputatla təmsil olunmaq istəyirik. 

Təbii ki, Yeni Azərbaycan Partiyası (YAP) ilə rəqabət aparmaq reallığa uyğun deyil. Onu demək populistlik olar. Özünü müxalifət adlandıran bir çox partiyalar elə populist açıqlamalar verirlər. Amma reallıqları hesablamaq lazımdır. 

Ona görə də Azad Vətən Partiyasının hədəfi deputatların sayına görə parlamentdə ikinci partiya olmaqdır. Həmçinin, bələdiyyələr üzrə də ikinci partiya olmağı hədəfləyirik"

Elmir Mustafa
"Cebhe.info"