İqlim dəyişikliyi ilə mübarizəyə dəstək

İqlim dəyişikliyi ilə mübarizəyə dəstək

Yaponiya iqlim dəyişikliyi ilə mübarizə üçün Asiya İnkişaf Bankının (AİB) “aşağı gəlirli və kövrək ölkələr” fonduna 162 milyard yen (1 milyard dollar) verəcək.

"Cebhe.info" xəbər verir ki, Yaponiyanın maliyyə naziri Suzuki Şuniçi AİB-in Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Gələcəyə Körpü” adlı 57-ci illik toplantısında ölkəsinin yeni töhfəsini açıqlayıb.

Asiya-Sakit okean regionunun 2023-cü ildə qlobal artımın 60 faizini təşkil etdiyini qeyd edən Suzuki regionun yoxsulluq, işsizlik və iqlim dəyişikliyi ilə mübarizəsinə toxunub.

AİB-nin aşağı gəlirli və kövrək ölkələrin problemlərinin həllində mühüm alət olduğunu ifadə edən Suzuki iqlim dəyişikliyi ilə mübarizə üçün AİB fonduna 162 milyard yen verəcəklərini bildirib.

Asiya-Sakit Okean ölkələrinin iqtisadiyyatlarını qlobal inkişafın açarı kimi xarakterizə edən Suzuki Yaponiyanın iqlim dəyişikliyi ilə mübarizədə proaktiv dəstək verməyə hazır olduğunu qeyd edib.

AİB-in regional tərəqqi üçün mühüm rol oynamağa davam edəcəyini gözlədiyini bildirən Suzuki ölkəsinin 2027-ci ildə AİB-in 60-cı illik toplantısına ev sahibliyi etməyi planlaşdırdığını da bildirib.

Nigar Hacılı 
"Cebhe.info"