Paşinyanın sərhəd müəmması: Bütün sirlər açıldı

Paşinyanın sərhəd müəmması: Bütün sirlər açıldı

Azərbaycan-Ermənistan sərhədində ilk delimitasiya işlərinin yekunlaşması Nikol Paşinyan hakimiyyəti ilə Kollektiv Təhlükəslik Müqaviləsi Təşkilatı arasında yaranmış gərginliyin gerçək səbəblərini aşkara çıxartmağa imkan verir.

Çünki rəsmi İrəvan indiyə qədər Rusiyanı və KTMT-ni Ermənistanın Azərbaycanla sərhədlərinin təhlükəsizliyini təmin etməməkdə ittiham edib. 

Rusiyanın rəhbərlik etdiyi alyans isə təhlükəsizlik üzrə qarşılıqlı öhdəliyə sadiq olduğunu, lakin Paşinyan hökumətinin tələblərinin yerinə yetirlməməsini Ermənistan-Azərbaycan sərhədlərin müəyyənləşməməsi ilə izah edib. 

Ona görə də Baş nazir Nikol Paşinyan 2022-ci il noyabrın 23-də KTMT dövlət başçılarının İrəvanda keçirilən sammitində iclasın yekun bəyannaməsini imzalamaqdan imtina etmişdi.

Paşinyan guya Azərbaycanın Ermənistan ərazilərinə hərbi müdaxilə etdiyini və bir sıra əraziləri “zəbt etdiyini” iddia edir. KTMT-yə üzv olan ölkələr isə sərhədlər delimitasiya və demarkasiya olunmadan Azərbaycan Ordusunun şərti sərhəddə mövqe tutduğu ərazilərin Ermənistana məxsus olması barədə açıqlamaların hüquqi əsasının olmadığını bildirir. Yəni KTMT Azərbaycanla razılaşdırılmış sərhəddə müşahidəçi yerləşdirməyə hazır olduğunu bəyan edir.

Bu kontekstdə Ermənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayanın “The Moscow Times” qəzetinə müsahibəsi diqqəti cəlb edir. 

Diplomat bildirib ki, Ermənistanın KTMT-dən narazılığı nə Qarabağda baş verənlərlə, nə də Azərbaycanın keçirdiyi antiterror əməliyyatı ilə bağlı deyil. Ermənistanın KTMT-dən narazılığı 2021-ci ilin may ayında başlayıb. Guya həmin vaxt Azərbaycan Ermənistana hücum edərək bir sıra əraziləri nəzarətə götürüb.

Balayanın sözlərinə görə, Ermənistan KTMT üzrə tərəfdaşlarına kömək üçün müraciət etsə də, heç rəsmi cavab almayıb.

“İndi eşidəndə ki, KTMT Ermənistan sərhədinə müşahidəçi göndərməyə hazırdır, sual yaranır ki, hansı sərhədə. Sərhəd haradadır? KTMT və Rusiya bu təşkilatın qurucu üzvlərindən olan Ermənistanın sərhədlərini tanıyırmı? İndiyə qədər nə ictimai bəyanatlarda, nə də bağlı qapılar arxasında bu barədə eşitməmişik”, - deyə Balayan bildirib.

Qeyd edək ki, son günlər Qazax rayonunun işğal altındakı dörd kəndinin Azərbaycana qaytarılmasından sonra delimitasiya prosesinin qısa zamanda yekunlaşması əslində, həm KTMT-nin, həm də erməni diplomatın “Sərhəd haradadır” sualına aydınlıq gətirir. 

Artıq hər iki tərəf Qazax istiqamətində gələcək sərhəd xəttinin hansı istiqamətdən keçəcəyini bilir. Yəni Ermənistan hələ də üç kəndin işğal altında qaldığı, yəni potensial münaqişə mənbəyinin mövcud olduğu ərazidə sərhəd nişanlanmasını göstərməklə KTMT-yə müşahidəçilərini əraziyə yerləşdirilmək üçün müraciət edə bilər.

Lakin Nikol Paşinyan sərhəddin müəyyənləşdiyini və Ermənistanla Azərbaycanın sülhə yaxın olduğunu əsas gətirərək artıq Tavuş vilayətinin Qazax rayonu ilə sərhədində Rusiya qoşunlarına ehtiyac olmadığını, onların bölgəni tərk etməli olduğunu deyir. Halbuki, KTMT də öz növbəsində, sərhəd xəttinin məlum olduğunu və həmin ərazidə təhlükəsizlyin təmin edilməsi məqsədilə müşahidəçilərinm göndərilməsi təşəbbüsü ilə çıxış edə bilər.

Ancaq Paşinyanın açıqlaması KTMT ilə fikir ayrılığının delimitasiya və demarkasiya prosesi ilə bağlı olmadığını təsdiq edir. Ermənistan hələ 2021-ci ildə beynəlxalq müşahidəçilərin Azərbaycanla sərhəddə yerləşdirilməsi təklifi ilə çıxış etmişdi. 

Avropa İttifaqı və Kanadanın müşahidə missiyasını əraziyə gətirməklə Paşinyan buna nail oldu. Yəni Paşinyanın niyyəti əslində, KTMT-ni Qərbin missiyası ilə əvəz etmək olub. Müqavilə - hüquq bazasına uyğun olaraq, Ermənistandakı KTMT qüvvələri MDB-nin xarici sərhədlərini, yəni İran, Türkiyə və Gürcüstanla sərhədlərin təhlükəsizliyini təmin etməlidir.

Azərbaycan isə MDB-nin üzvüdür. Ona görə də İrəvanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi davamlı olarsa, bu, Paşinyana KTMT-nin silahlı qüvvələrini ilk növbədə, Azərbaycanla sərhədlərdən çıxartmaq imkanı yaradacaq.

Ermənistan MDB-nin xarici sərhədlərinin mühafizəsini təkbaşına təmin etmək gücünə malik deyil. Paşinyan bu məsələdə Qərbin ona yasrdım göstərəcəyinə ümid edir. Buna nail olmaq üçün Paşinyan KTMT-nin və MDB-nin sıralarını tərk etmək kursu götürüb.

Müşfiq Abdulla      
“Cebhe.info”