İsrail Qəzzaya humanitar yardımın çatdırılmasına mane olur

İsrail Qəzzaya humanitar yardımın çatdırılmasına mane olur

İsraildə ifrat sağçı qruplar Qəzzaya gedən humanitar yardım maşınlarının qarşısını kəsiblər.

"Cebhe.info" xəbər verir ki, bu barədə "Kan" televiziyası məlumat yayıb.

Humanitar yardım maşınlarının bölgəyə daxil olmasına icazə verməyən sağçı qruplar bildiriblər ki, Qəzzadakı israilli məhbuslar geri dönənə qədər yardım maşınlarının keçməsinə icazə verməyəcək.

İfrat sağçı qruplar mayın 7-də İordaniyadan Qəzza zolağına yola düşən humanitar yardım karvanına hücum edərək, yardım ləvazimatlarını, dərmanları və alətləri zədələyiblər.

İsrailin cənubundakı Mitzpe şəhərinin meri Ramon Elia da yük maşınlarının Qəzzaya daxil olmasına mane olan fəallar arasında olub. 

Xatırladaq ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 944-ü uşaq, 9 min 849-u qadın olmaqla 34 min 904 fələstinli həlak olub, 78 min 514 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur məhv edilir.

Ləman İsmayıl
"Cebhe.info"