Rusiya Ermənistandan da gedir: Növbə 102-ci hərbi bazada?

Rusiya Ermənistandan da gedir: Növbə 102-ci hərbi bazada?

Ermənistan Baş naziri Nikol Paşinyan ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş uğurla başa çatıb.

Erməni KİV-lərinin məlumatına görə, bu görüşdə Rusiya sərhədçilərinin bundan sonra Zvartnots hava limanında xidmət etməyəcəyi barədə razılıq əldə olunub. Bundan əlavə, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Azərbaycan - Ermənistan sərhədindən tam olaraq çıxacaqlar. 

Yaxın gələcəkdə Ermənistanın Gümrü şəhərində 102-ci rus hərbi bazasının da çıxarılması ehtimal oluna bilər? Bu gün artıq Ermənistanın hərbi-nöqteyi nəzərdən Rusiya üçün əhəmiyyəti itib? 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov "Cebhe.info"-ya şərhində qeyd edib ki, rus hərçiləri tezliklə Zvartnost hava limanını tərk edəcəklər:

"Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən son görüşdə xeyli məsələlər müzakirə olunub. Xüsusilə, təhlükəsizlik sahəsində Moskva və İrəvan arasında münasibətlərdə problemlər var. Rusiya Ermənistanın müttəfiqi olaraq onun təhlükəsizliyinə tam zəmanət vermədiyi üçün İrəvan öz xarici siyasət vektorunu şaxələndirmək qərarına gəlib. Bu siyasət çərçivəsində ilk növbədə Zvartnots hava limanından rus hərbçilərinin çıxarılması məsələsi gündəmə gəlib. Təbii ki, bu məsələ artıq bir neçə ay öncə Ermənistan rəhbərliyi tərəfindən Rusiyaya bəyan olunub. Avqust ayına qədər hava limanındakı rus hərbçiləri Ermənistan hərbiçiləri ilə əvəz olunacaqlar. 

İrəvan bu məsələdə tam qətidir. Eyni zamanda, 44 günlük savaşdan sonra Ermənistanla Azərbaycanın şərti sərhədinin müəyyən ərazilərinə yerləşdirilən rus hərbçiləri də bölgəni tərk edəcəklər. Azərbaycanla şərti sərhəddə rus hərbçiləri Moskva və İrəvan arasında şifahi razılaşma əsasında yerləşdirilib. Yəni bununla bağlı hər hansı müqavilə imzalanmayıb. Lakin Zvartnost hava limanındakı rus hərbçiləri 90-ci illərdə iki tərəf arasında imzalanan müqavilə əsasında yerləşdirilib”.

Ekspert bildirib ki,  həmin dövrdə Ermənistanda sərhəd qoşunları yox idi:

“Məhz buna görə Rusiya Ermənistanın Türkiyə və İranla sərhəd ərazilərinin təhlükəsizliyinə təminat verməyi öz üzərinə götürdü". 

Politoloq Ermənistanın Gümrü şəhərində 102-ci rus hərbi bazasının tez bir zamanda çıxarılmasının qeyri-mümkün olduğunu bildirib: "Bu, çox mürəkkəb bir məsələdir və qısa müddət ərzində həlli mümkün deyil. Qeyd edim ki, Dmitri Medvedevin prezidentliyi dövründə Gümrüdəki 102-ci rus hərbi bazasının müddəti 2044-ci ilə qədər uzadılıb. Hər iki tərəf bununla bağlı müqavilə də imzalayıblar. Buna görə də Ermənistan Rusiyadan hərbi bazanın çıxarılmasını tələb edə bilməz. Bu, çox zaman aparacaq bir məsələdir". 

O ki qaldı hazırki dövrdə və gələcəkdə Ermənistanın Rusiya üçün strateji əhəmiyyətinə, O.Qasımov bunu belə izah edib:

"Rusiyanın hərbi-siyasi dairələrində bəzi ekspertlər hesab edirlər ki, Gümrüdəki 102-ci hərbi baza Moskva üçün o qədər ciddi əhəmiyyər daşımır. Onlar vurğulayırlar ki, Rusiyanın Türkiyə ilə yüksək səviyyəli münasibətləri var. Həmçinin belə bir fikir səsləndirirlər ki, Gürcüstanın işğal altında olan bölgələri - Abxaziya və Cənubi Osetiyada rus hərbi bazaları Gümrüdəki hərbi bazanın əhəmiyyətini azaldıb.

Rusiyanın hərbi-siyasi rəhbərliyinin Gümrüdəki 102-ci hərbi bazanın taleyi ilə bağlı münasibətinə gəlincə, onu deyə bilərəm ki, hazırda Moskvanın bununla bağlı qərar vermək niyyəti yoxdur". 

Yunis Abdullayev 
"Cebhe.info"