Rusiya-NATO qarşıdurması: Putin nüvə silahına əl ata bilər

Rusiya-NATO qarşıdurması: Putin nüvə silahına əl ata bilər

Rusiya ilə NATO arasında hərbi-siyasi eskalasiya kulminasiya nöqtəsinə çatıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin tapşırığı ilə taktiki nüvə silahının istifadə edilməsi ilə bağlı hərbi təlim keçiriləcək. Bildirilib ki, artıq bu istiqamətdə ciddi hazırlıq işləri görülür.

Xatırladaq ki, son zamanlar NATO-nun rəhbər şəxsləri Şimali Atlantika Alyansının Polşa ərazisində taktiki nüvə silahları yerləşdirmək niyyətini açıq şəkildə bəyan edirlər.

Hazırda NATO-nun Avropadakı müttəfiq qüvvələri həm Polşada, həm Slovakiyada, həm də Baltik bölgəsində genişmiqyaslı hərbi təlimlərə başlayıb.

NATO rəsmilərinin Polşa ərazisində taktiki nüvə silahlarının yerləşdərilməsi ilə balı bəyanatlarına cavab olaraq Rusiyanın hərbi-siyasi rəhbərliyi xəbərdarlıq edib ki, bu baş verəcəyi təqdirdə sözügedən silahlar Moskvanın hədəfinə çevriləcək.

Maraqlıdır, son proseslər Rusiya ilə NATO arasında nüvə müharibəsinə gətirib çıxara bilər? Nüvə müharibəsinin baş verməsi nə dərəcədə ehtimal olunur? Rusiya-NATO qarşıdurması Şərqi Avropada hansı təhlükələri yaradacaq?

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Moskva ABŞ və onun müttəfiqlərinə mesaj göndərməyə çalışır:

“NATO-nun Finlandiya və Rusiya ilə həmsərhəd olan digər ölkələrdə hərbi təlimlərindən və Polşada nüvə silahları yerləşdirməklə bağlı niyyətini bəyan etdikdən sonra Moskva bütün bunlara adevkat addımlar atmaq qərarına gəlib.

Bildirim ki, Rusiya Federasiyanın Prezidenti Vladimir Putinin göstərişinə əsasən taktiki nüvə silahlarının istifadəsi ilə bağlı hərbi təlimlər keçirməsi NATO-nun addımlarına cavab olaraq qiymətləndirilə bilər. Məhz Rusiyanın bu qərarını Ukraynaya qoşun göndərmək istəyən ölkələrə mesaj kimi də qəbul etmək olar.

Vladimir Putin dəfələrlə bəyan edib ki, Rusiyanın ərazisinə hücum olacağı və təhlükəsizliyi təhdid altına düşücəyi təqdirdə Moskva taktiki nüvə silahlarından istifadə etməkdən çəkinməyəcək. 

Mesaj dəqiq ünvana çatmayanda və əks tərəf bunu ciddi qəbul etməyəndə Rusiya hərbi təlimlər keçirməklə öz xəbərdarlığını bildirir. Yəni, Moskva öz mövqeyində ciddidir”. 

Rusiya ilə NATO arasında nüvə müharibəsinin baş vermək ehtimalına gəlincə, R.Bayramov bu ehtimalın çox aşağı olduğunu bildirib:

“Həm Rusiya, həm də NATO nüvə müharibəsində heç bir tərəfin qalib olmayacağını çox yaxşı bilir. Çünki nüvə müharibəsi hər iki tərəfə çox ağır və dəhşətli zərbə vuracaq. Rusiya və NATO bunu çox yaxşı başa düşür. Düşünmürəm ki, Rusiya ilə NATO arasında hazırkı gərginlik nüvə müharibəsinə yol açacaq”.

Eyni zamanda politoloq Rusiya-NATO qarşıdurmasının Şərqi Avropada regional sabitliyi və təhlükəsizliyi təhdid altına qoyduğunu təsdiqləyib:

“NATO-nun sərhədlərinin şərqə doğru genişlənməsi nəticəsində, eləcə də Rusiyanın Şərqi Avropada öz mövqelərini yenidən bərqərar etmək istəyi halında bu regionda təhlükə hər zaman olacaq.

Ancaq hazırkı dövrdə, yəni Ukraynada müharibənin davam etdiyi bir zamanda Rusiyanın Şərqi Avropanın hər hansı ölkəsinə hücum etməsi inandırıcı görünmür. Hesab edirəm ki, bu, baş verməyəcək. 

Sadəcə olaraq, ABŞ və Qərbi Avropa ölkələri bundan manipulyasiya kimi istifadə edirlər. Yəni, Qərbin bu hədəfi Şərqi Avropa ölkələrində Rusiya xofu yaratmaqla onları NATO-dan asıllığını gücləndirmək məqsədi daşıyır”.   

Yunis Abdullayev 
“Cebhe.info”