Putinin əsas rıçağı çətin durumda: Əmlaklarını satır

Putinin əsas rıçağı çətin durumda: Əmlaklarını satır

25 ildə ilk, tarixində isə rekord itki ilə üzləşən "Qazprom" əmlakını satmağa başlayır.

Çərşənbə günü şirkət Moskva və Moskva vilayətində iri daşınmaz əmlaklar üçün alıcılar axtardığını elan edib. 

“Cebhe.info” xəbər verir ki, onların arasında Stroiteley küçəsindəki inzibati binalar, Roqozino kəndinin Pervomayskoye qəsəbəsindəki “İmperial Park Hotel & Spa” sanatoriya kompleksi, Novoçeremuşkinskaya küçəsindəki evdə birinci mərtəbədəki qeyri-yaşayış sahələri, habelə 96 yerlik avtomobil dayanacağı var. 

Qərar ““Qazprom” şirkətlərinin Sankt-Peterburqa köçməsinin başa çatması nəzərə alınmaqla qəbul edilib”, - deyə şirkətin mətbuat xidmətindən bildiriblər.

Keçən il “Qazprom” 629 milyard rubl xalis zərərlə üzləşib, gəlirlərinin 27% azaldığını bildirilib. Planetin ən böyük ehtiyatlarına sahib olan şirkətin qaz biznesi gəlirsiz olub, “Qazprom”un borcu isə Milli Rifah Fondunun likvid hissəsinin həcmini keçərək rekord həddə - 6,65 trilyon rubla çatıb.

Ukrayna ilə bağlı yaranan vəziyyətdən sonra Avropa ölkələrinə qazın kəsilməsi ilə Kreml yarım əsrə yaxın əlaqələr qurduğu “Qazprom”u əsas bazarından məhrum edib. İlin sonunda “Qazprom” cəmi 69 milyard kubmetr qaz ixrac edib ki, bu da 1985-ci ildən bəri minimum həcmdir. 2022-ci illə müqayisədə xaricə nəqlin həcmi daha üçdə bir, müharibədən əvvəlki səviyyə ilə müqayisədə isə üç dəfə azalıb. 

Avropaya tədarük 1970-ci illərin ikinci yarısının səviyyəsi olan 28 milyard kubmetrə düşüb. Lakin “Qazprom”un hasilatı cəmi 404 milyard kubmetr təşkil edib və şirkətin mövcud olduğu 34 ildə minimum həddə çatıb.

Xəzər
“Cebhe.info”