Əvvəlcə işğalda qalan 4 kənd: Daha sonra sərhəd...

Əvvəlcə işğalda qalan 4 kənd: Daha sonra sərhəd...

2024-cü il aprelin 23-də ölkələrin Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. 

Artıq iki ölkə arasında Qazax rayonu ilə Tavuş vilayətinin sərhədində ekspert qrupları tərəfindən nişanlanma apalıb. Sərhədin müəyyənləşməsi istiqamətində ilkin addımların atılmasından sonra Ermənistan qoşunları əvvəlki mövqelərindən geri çəkilib. Azərbaycan və Ermənistan tərəfindən sərhədlərin delimitasiyası və demarkasiyası üzrə baş nazirlərin müavinləri səviyyəsində növbəti görüşlər çərçivəsində başqa ərazilərə dair yeni razılaşmaların əldə olunacağı gözlənilir. 

Eyni zamanda, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın paytaxtı Astanada keçirilməsi nəzərdə tutulan görüşündə də Qazax, Ağstafa və Tovuz rayonları istiqamətində sərhədlərin delimitasiyası ilə bağlı yeni təkliflərin razılaşdırılması mümkündür. Lakin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin hansı hüquqi baza əsasında aparılacağı tam müəyyənləşməyib. Rəsmi İrəvan Qazax rayonunun dörd kəndinin qaytarılması müqabilində sərhədlərin 1991-ci il Almatı Bəyannaməsinin imzalandığı dövrə aid sərhədlərin bərpasını istəyir. 

Baş nazir Nikol Paşinyan Britaniya mətbuatına müsahibəsində Ermənistanla Azərbaycan arasında yeni sərhədlər çəkilməsinə ehtiyac olmadığını deyib.

“SSRİ-nin dağıldığı dövrdə mövcud olan və de-yure hüquqi əsası olan sərhədlər bərpa olunmalıdır”,-deyə Paşinyan bildirib. 

Qeyd edək ki, Nikol Paşinyan hələ martın 29-da hakim “Vətəndaş Müqaviləsi” Partiyasının iclasında dörd kəndin qaytarılması məsələsinə toxunaraq Ermənistanın beynəlxalq səviyyədə tanınmış, suveren ərazisindən kənarda heç bir əraziyə iddiasının olmadığını bəyan etmişdi. Lakin Ermənistan 1991-ci il dekabrın 21-də Almatı Bəyannaməsini imzaladıqdan dərhal sonra Azərbaycanla inzibati sərhədlərdən imtina edərək işğalçılıq müharibəsi aparıb. Yəni Ermənistan Almatı Bəyannaməsində əksini tapmış “ərazi bütövlüyünə hörmətlə yanaşılması və sərhədlərin dəyişdirilməməsi”nə dair öhdəliyi pozub. 

Hətta Ermənistan 1992-ci il martın 2-də BMT-yə üzv qəbul olunduğu zaman artıq Qarabağda hərbi əməliyyatlar aparırdı. Ona görə də Azərbaycanla Ermənistan arasında beynəlxalq səviyyədə de-yure tanınmış sərhəd yoxdur. Hazırda iki ölkə arasında şərti sərhəd mövcuddur. De-yure sərhədlərin tanınması barədə yalnız delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra danışmaq olar. Yalnız bundan sonra Ermənistanın beynəlxalq səviyyədə de-yure tanınmış, suveren sərhədləri formalaşacaq. Azərbaycan prinsipcə Almatı Bəyannaməsinə qarşı olmadığını bəyan etsə də, bu sənədi Sovet dövrünə aid inzibati sərhədlərin müstəqil dövlət sərhədi kimi tanınması üçün hüquqi öhdəlik hesab etmir. Buna baxmayaraq, Azərbaycan delimitasiya prosesinin kəndlərin qaytarılması ilə paralel həyata keçirilməsinə qarşı da çıxmır. Lakin sərhədlərin delimitasiyası və demarkasiyası Azərbaycanla Ermənistan arasında sülhün hüquqi təminatı sayıla bilməz. 

Çünki Ermənistan Azərbaycanın suveren ərazisi olan dörd anklav kəndi işğal altında saxlayır. Ona görə də Ermənistan ilk növbədə, dörd kəndi qaytarmalıdır. Həmin kəndlər qaytarılmadan sərhədlərin müəyyənləşməsi yekunlaşarsa, Azərbaycan öz ərazilərini güc yolu ilə işğaldan azad etmək məcburiyyətində qala, bu halda isə Ermənistan və ona havadarlıq edən ölkələr suveren dövlət sərhədlərinin Azərbaycan tərəfindən pozulduğuna dair kampaniya apara bilər. Bu səbəbdən ilk növbədə dörd kəndin işğalı aradan qalxmalıdır. 

İkincisi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. 

Delimitasiya və demarkasiya prosesi isə texniki məsələdir və bunu növbəti mərhələdə təmin etmək olar. Çünki sərhədlərin müəyyənləşməsi uzunmüddətli prosesdir və uzun illər davam edə bilər. Azərbaycana və Ermənistana isə sülh sazişi lazımdır. Digər texniki məsələlər hökumətlərarası komissiyalar çərçivəsində aparılacaq danışıqların predmetidir. Hətta Azərbaycan qanunvericiliyinə görə, sərhədlərin rəsmiləşdirilməsi və nişanlanması yalnız dövlətlərarası müqavilə ilə təsbit edilməlidir. Azərbaycan və Ermənistan arasında isə belə müqavilə yoxdur. Eyni zamanda, sərhədlərin nişanlanması Azərbaycan qanunvericiliyinə uyğun müəyyən edilməlidir. Ona görə də delimitasiya prosesində Almatı Bəyannaməsi Azərbaycan üçün hüquqi öhdəlik yaratmır. 

Azərbaycan Konstitusiyasına görə, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş AXC-nin siyasi varisidir. Yəni müasir Azərbaycan dövləti Azərbaycan SSR-in siyasi varisi deyil. Paralele olaraq, Ermənistan da öz konstitusiyasına görə, 1918-1920-ci illərdə İrəvan mahalında yaradılmış birinci respublikanın siyasi varisidir. Paşinyan isə Almatı Bəyannaməsini gündəmə gətirməklə delimitasiya prosesinin Ermənistan SSR-in sərhədləri çərçivəsində aparılmasına çalışır. Bu isə həm Azərbaycanın, həm də Ermənistanın konstitusiyasına ziddir. Ermənistan sərhədlərin delimitasiya başlamaqla özünü sülh tərfədarı kimi təqdim etməyə çalışır. Lakin Ermənistanın konstitusiyasında və digər hüquqi-normativ aktlarında Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır. Ona görə də Ermənistan qanunvericiliyi Azərbaycanın suveren sərhədlərinin rəsmi İrəvan tərəfindəın tanınmasına dair isnilən razılaşmanı pozur. Bu baxımdan, Paşinyan hakimiyyəti delimitasiyadan əvvəl Ermənistanın konstitusiyasında və qanunvericilik bazasında Azərbaycana qarşı ərazi iddialarına xitam verməlidir. 

Müşfiq Abdulla 
“Cebhe.info”