Putinin sülhməramlılarla bağlı PLANI

Putinin sülhməramlılarla bağlı PLANI

Yaxın zamanda Qəzzada müəyyən ölkələrin sülhməramlı qüvvələri yerləşdirilə bilər. 

Fələstində ikinci böyük siyasi təşkilat -HƏMAS bu ölkələrin sırasında Rusiya və Türkiyəni də görmək istəyir. Qeyd edək ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayil Haniyə “A Haber” telekanılana müsahibəsində bəyan edib ki, HƏMAS Qəzzada hazırda davam edən müharibənin sona çatmasında və bölgədə təhlükəsizliyin təmin olunmasında maraqlıdır.

HƏMAS rəsmisi bildirib ki, Qəzzadakı təhlükəsizliyə bəzi ölkələrin zamin durmasına ehtiyac var. Onun sözlərinə görə, HƏMAS Qəzzanın təhlükəsizliyinə Misir, Qətər, Türkiyə, Rusiya, BMT-nin zamin durmasını istəyir. İsmayil Haniyə, həmçinin vurğulayıb ki, yaxın gələcəkdə ABŞ da Qəzzada təhlükəsizliyə zamin duran ölkə ola bilər. Amma İ.Haniyə İsrailin buna qarşı çıxdığını bildirib. Eyni zamanda İ.Haniyə Rusiya, Misir və Qətərlə yanaşı Türkiyənin də bu prosesə cəlb olunmasının zəruriliyini vurğulayıb. 

Xatırladaq ki, aprelin əvvəlində “Sabah” qəzetində dərc olunan məlumata görə, Ankaranın Fələstinin təhlükəsizliyinə təminatçı kimi çıxış etməyə, ən əsası da Qəzzada sülh və sabitliyin təminatına zamin durmağa hazır olduğunu bildirib. Bir ay bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanın yerli mətbuata açıqlamasında Qəzzada hazırda həlli olmayan münaqişənin yeni münaqişələrin genişlənməsinə səbəb olacağı ilə bağlı xəbərdarlığı buna işarədir.

Bu baxımdan belə bir qənaətə gəlmək olar ki, yaxın zamanda həm Rusiyada, həm də Türkiyədə Qəzzaya sülhməramlıların göndərilməsi ilə bağlı məsələ ciddi müzakirə obyektinə çevriləcək. Nəzərə alaq ki, Rusiya hər zaman Yaxın Şərqə diqqət göstərib və bu regionda geniş təsir imkanlarına malik olan güc mərkəzinə çevrilməkdə maraqlıdır. Rusiyanın Suriyada hərbi bazalarının olması bunu sübut edir. 

Ehtimal etmək olar ki, İsmayil Haniyənin bu çıxışından sonra Qəzzanın təhlükəsizliyi ilə bağlı məsələ Kremldə ciddi müzakirə predmentinə çevriləcək. Əgər Fələstin rəhbərliyi, o cümlədən HƏMAS Rusiyanın Qəzzada təhlükəsizliyə zamin durması üçün Moskvaya müraciət edərsə, şübhəsiz ki, Rusiya rəhbərliyi bu məsələni BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxaracaq. Hətta iddia etmək olar ki, Moskva münasib imkan qazanarsa, hazırda Qarabağı tərk edən sülhməramlıları Qəzzaya göndərə bilər. 

Türkiyəyə gəlincə, heç bir şəkildə inkar oluna bilməz ki, Ankara Yaxın Şərqdə geostrateji və geosiyasi güc mərkəzinə çevrilib. FƏTH və HƏMAS-ın müraciəti əsasında Türkiyə də Qəzzaya öz sülhməramlılarını göndərməkdə maraqlı olacaq. 

O ki qaldı Rusiya və Türkiyənin Qəzzada təhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyətinə, bu, Moskva və Ankaranın birgə qərarından asılıdır.

Əgər hər iki ölkə hər hansı şəkildə razılığa gəlsələr, Qəzzada Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin timsalında bir mərkəzin yaradılması nəzərdən keçirİLə bilər. İndi əsas sual Qərbin rus və türk sülhməramlılarınIN Qəzzada yerləşməsinə imkan verib-verməyəcəyidir. Moskva öz sülhməramlılarını Qəzzaya göndərmək üçün BMT-nin Təhlükəsizlik Şurasında məsələ qaldıra bilər.

Amma Kreml nə qədər çalışsa da, istəyinə nail olması qeyri-mümkün görünür. Çünki Qərb güc mərkəzləri - ABŞ, Fransa və Britaniya Rusiyanın Qəzzaya sülhməramlı göndərməsinə imkan verməyəcək. BMT-nin Təhlükəsizlik Şurasında həmin üç ölkə Rusiyanın təklifinə veto qoya bilər. 

Bildiyimiz kimi, Şərqi Avropa və Cənubi Qafqazda olduğu kimi Yaxın Şərqdə də Rusiya ilə Qərb arasında müəyyən mənada geosiyasi rəqabət gedir. Bu rəqabət uzun zamandır davam edir. Bir zamanlar Qərb güc mərkəzləri, xüsusilə ABŞ, Fransa və Britaniya Suriyada Rusiyaya qarşı hərbi-siyasi cəbhə yaratsalar da, Moskvanı bu ölkədən kənarlaşdırmağa çalışsalar da, öz məqsədlərinə nail ola bilmədilər. Nəticə etibarı ilə Rusiya Suriyada öz hərbi-strateji mövcudluğunu daha da möhkəmləndirdi. Bu da Rusiyanın Yaxın Şərqdə müəyyən qədər təsir imkanlarını artırmasına şərait yaradıb.

Məhz bu səbəbdən dolayı Vaşinqtonda, eləcə də Paris və Londonda hesab edirlər ki, Qəzzada rus sülhməramlılarının yerləşdirilməsi Rusiyanın Yaxın Şərqdə geosiyasi və geostrateji təsir imkanlarını daha da genişləndirəcək. Habelə Moskvanın İsrail-Fələstin bölgəsində proseslərə müdaxiləsinə gətirib çıxaracaq. Ona görə də Qərb Rusiyanın Qəzzada hərbi-siyasi mövqe qurmasına imkan verməyəcək. 

Qəzzada təhlükəsizliyin təmin olunması istiqamətində ABŞ-Rusiya əməkdaşlığına gəlincə, bu, heç bir zaman baş tutmayacaq. ABŞ, həmçinin Britaniya və Fransa Qəzzada yalnız öz sülhməramlı qüvvələrini yerləşdirməkdə maraqlı ola bilər. Qərb ölkələri Türkiyənin də Fələstinin təhlükəsizliyinə zamin durmasına imkan verməyəcəklər. Türkiyə sülhməramlı mandatı əldə etmək üçün BMT-nin Təhlükəsizlik Şurasında məsələ qaldırsa belə, ABŞ və Fransa buna veto qoyacaq.

ABŞ-nin strateji müttəfiqi olmasına baxmayaraq, Yaxın Şərqdə güclü və qüdrətli Türkiyə Vaşinqtonun maraqlarına uyğun deyil. Fransa bu məsələdə Türkiyəyə daha çox əngəl yaratmağa çalışacaq. Çünki rəsmi Paris Türkiyənin Yaxın Şərq, Şərqi Aralıq dənizi və Cənubi Qafqazda geosiyasi güc mərkəzi olmasını həzm edə bilmir. 

Bu məsələdə İsrail və ərəb ölkələrinin mövqeyinin necə olacağı diqqətdədir. İsrail də bu məsələdə Qərblə eyni mövqeyi bölüşəcək. Rəsmi Təl-Əviv Qəzzada nəinki Rusiya və Türkiyə, hətta Qərb ölkələrinin sülhməramlı qüvvələrini də görmək istəmir. İsrail özünü regionun güclü dövləti hesab etdiyindən, Qəzza zolağı üzərində nəzarət mexanizmlərini özü həyata keçirmək niyyətindədir.

Ərəb ölkələrinin, xüsusilə Səudiyyə Ərəbistan, İordaniya və Misirin mövqeyinə gəlincə, bəlkə də həmin ölkələr rus sülhməramlılarının Qəzzada yerləşməsinə razı ola bilərlər, amma Türkiyəyə bu imkanın verilməsinə razılaşmayacaqlar. Bəzi ərəb ölkələri Türkiyə ilə diplomatik-siyasi və iqtisadi əməkdaşlıq qurmasına baxmayaraq, Ankaranın regionda söz sahibi olan güc mərkəzinə çevrilməsini istəmir. Qətəri çıxmaq şərti ilə istənilən halda Səudiyyə Ərəbistan, Misir və İordaniya, hətta İran buna qarşı çıxacaq. Həm Türkiyə, həm də Rusiya İsrail-Fələstin bölgəsində sülh, sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verə bilər.

Ancaq müəyyən amillər səbəbindən hazırda türk və rus sülhməramlılarının Qəzzada fəaliyyət göstərməsi qeyri-mümkündür. 

Yunis Abdullayev
"Cebhe.info"