Çindən Ağ Evə açıq mesaj: “Sonadək davam edəcəyik”

Vaşinqton Çinlə ticarət və iqtisadi məsələlərdə qeyri-sabit və ziddiyyətli mövqe tutur.
Belə ki, bir tərəfdən dialoqa çağırış edir, digər tərəfdən isə Pekinə təzyiq göstərməkdən və şantajdan çəkinmir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Czyakun brifinq zamanı bəyan edib. “Əgər ABŞ həqiqətən də problemlərin danışıqlar yolu ilə həllini istəyirsə, o zaman hədələmə və təzyiqlərə son qoymalı, Çinlə bərabərlik, qarşılıqlı hörmət və fayda prinsipləri əsasında dialoqa başlamalıdır”, – deyə diplomat vurğulayıb. Onun sözlərinə görə, Vaşinqton bir tərəfdən Çinlə razılığa gəlmək istədiyini deyir, digər tərəfdən isə Pekinə davamlı təzyiq göstərir.
“Bu, Çinlə münasibət qurmağın doğru yolu deyil və bu yanaşma uğur gətirməyəcək”, – deyə Qo Czyakun əlavə edib. Diplomat qeyd edib ki, “tarif və ticarət müharibələri”ndə qalib olmur, proteksionizmin isə heç bir çıxış yolu yoxdur. “Əlaqələrin qoparılması və ayrılma siyasəti yalnız özünütəcridə aparır”, – deyə o bildirib. Qo Czyakun ABŞ-nin başladığı “tarif müharibəsi”nə münasibət bildirərək deyib:
“Biz qarşıdurma istəmirik, amma ondan da çəkinmirik. Əgər mübarizə aparmalı olsaq, sonadək davam edəcəyik. Eyni zamanda, danışıqlar üçün qapımız hər zaman açıqdır”.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi ki, Çin mallarına tətbiq olunan tariflər müəyyən qədər azaldılacaq, lakin tamamilə ləğv olunmayacaq. Hazırda ABŞ-nin Çin məhsullarına tətbiq etdiyi tariflər ümumilikdə 145%-ə çatır. Çin isə cavab olaraq ABŞ-dən idxal olunan məhsullara qarşı 125%-lik tarif tətbiq edib.
Səbinə Uğur
"Cebheinfo.az"