İlanlar daha tez aktivləşib?

İlanlar daha tez aktivləşib?

May ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 100 nəfər qəbul edilib.

KTM-nin məlumata əsasən, şöbəyə qəbul edilən xəstələrdən 42 nəfər dərmandan, 24-ü sirkə turşusundan, 9-u etanoldan, 3-ü dəm qazından zəhərlənən şəxslərdir. Həmçinin 6 nəfər allergik reaksiya, 11 nəfər ilan sancması, 1 nəfər göbələk, 4 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (3 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib. Ölüm halları dərman, sirkə turşusu, ilan sancması və etanol zəhərlənmələrindən qeydə alınıb. 

Məsələ ilə bağlı “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri Təvəkkül İsgəndərov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, aprel-may aylarında ilanların aktivliyi ən yüksək səviyyədə olur: 

"İnsanlar da əsasən bu aylarda təsərrüfat işləri ilə bağlı ərazilərdə olurlar, buna görə də onların ilanlarla rastlaşma ehtimalları çoxalır. Çox hallarda ilan sancmalarının pis nəticə verməsi insanların laqeyd yanaşmasından irəli gəlir. 

Çünki zəhərli ilan sancmaları zamanı ilkin tibbi yardım qaydaları yerinə yetirilsə, ağırlaşma olmaz. Bəzən insanlar laqeydlik edib həkimə müraciət də etmirlər. İlan sancması zamanı insan çox hərəkət etməməli, çoxlu maye qəbul etməlidir. Şok vəziyyətdə olmamaq üçün allergiya əlehyinə dərman atmaq lazımdır. Bunlar ilk saatlarda olan ilkin tibbi yardımdır. Daha sonra hökmən həkimə müraciət etmək lazımdır". 

Ləman İsmayıl 
"Cebhe.info"