Proses ləngiyir: Rusiya yenə oyunda

Proses ləngiyir: Rusiya yenə oyunda

“Rusiya Azərbaycan-Ermənistan sərhəd ərazilərinin delimitasiya və demarkasiya prosesində vasitəçi ölkə kimi iştirak etmək istəyir”. 

Bu sözləri politoloq Oqtay Qasımov “Cebhe.info”-ya açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova martın 27-də brifinqdə Azərbaycanla Ermənistan arasında baş verən son proseslər bağlı bəyanatını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Zaxarovanın Zəngəzur dəhlizi ilə bağlı ifadəsi Azərbaycana qarşı yönəlməyib:

“Məhz Moskva Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyaların açıqlmasında maraqlıdır. Xatırladım ki, 2020-ci ilin noyabrın 10-da Rusiya Federasiyası Prezidenti Vladimir Putin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd olunur ki, həmin kommunikasiyanın təhlükəsizliyinə birbaşa Rusiya FTX-nın sərhəd qoşunları cavabdehdir.

Əslində üçtərəfli Bəyanatın 9-cu bəndində Zəngəzur dəhlizi ifadəsi yoxdur. Sadəcə olaraq, kommunikasiya xətlərinin Qərbi Zəngəzurdan keçdiyinə görə, bu ifadə tərəfimizdən işlədilir və termin kimi leksikona daxil edilib.

Zaxarovanın dəhliz ilə bağlı işlətdiyi ifadəyə gəlincə, Moskva həm iki ölkənin sərhədlərinin delimitasiyası, həm də nəqliyyat kommunisiyaların açılması prosesində vasitəçi ölkə kimi iştirak etməkdə iddialıdır. Moskva Azərbaycanla Ermənistan arasında balans saxlamağa çalışır.

Nəzərə almalıyıq ki, son illər Ermənistan ictimaiyyətində anti-Rusiya ovqatı güclənməkdədir. Bu baxımdan Zaxarovanın Zəngəzur dəhlizi ilə bağlı ifadəsi Moskvanın Ermənistanla bu məsələdə eyni mövqedə olmadığını göstərir. Zaxarova əsasən Rusiyanın maraqlarını təmsil edir”.

O bildirib ki, Rusiya Ermənistanın işğalı altında olan səkkiz kəndin Azərbaycana qaytarılmasına qarşı çıxmır:

“Xatırladım ki, üçtərəfli noyabr Bəyanatının ilkin variantında səkkiz kənd ilə bağlı bənd vardı. Lakin Ermənistan tərəfinin xahişi ilə sonradan həmin bənd bəyanatdan çıxarıldı. Hazırda Azərbaycan Qazaxa bitişik dörd kəndin dərhal qaytarılmasını tələb edir. 

Sözsüz ki, rəsmi İrəvan bu kəndləri boşaldıb Azərbaycana təhvil verəcək. Dörd anklav kənd isə delimitasiya prosesi çərçivəsində qaytarılacaq. Təbii ki, Rusiyanın bu məsələdə dəstəyinə gəlincə, Zaxarova demək istəyib ki, iki ölkənin sərhəd ərazilərini dəqiq əks etdirən topoqrafik xəritələr Moskvadadır. Yəni Moskva prosesin nizamlanmasında hər iki tərəfə texniki cəhətdən kömək edə bilər”.

Yunis Abdullayev 
“Cebhe.info”