Azərbaycanda neftin yerini nə tutacaq?

Büdcə gəlirlərinin strukturunda qeyri-neft sektorundan daxilolmalar artacaq.
Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 17 milyard 164 milyon manatı neft sektorunun, 17 milyard 9 milyon manatı isə qeyri-neft sektorunun payına düşür.
Nazirliyin məlumatında, həmçinin qeyd olunur ki, 2023-cü ilin proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 775,7 milyon manat və ya 4,3 faiz az, qeyri-neft sektorunun gəlirləri isə 1 milyard 58,2 milyon manat və ya 6,6 faiz çoxdur. Bəzi iqtisadçılar qeyri-neft sektorunda artımın müsbət hal kimi hesab edirlər.
Maraqlıdır, Azərbaycanda qeyri-neft sektoru üzrə daha çox hansı sahələr inkişaf edir?
Məsələ ilə bağlı iqtisadçı Razi Abbasbəyli “Cümhuriyət” qəzetinə açıqlamasında qeyri-neft sektorunun inkişafında pambıqçılığın üstünlük təşkil ediyini bildirib.
“Aqrar sahədə ən böyük investisiyalar və subsidiyaların yarısı pambıqçılığa ayrılır. Ölkədə əkinə yararlı torpaqların 40% - i pambıqçılıq təsərrüfatına verilib. Azərbaycan xarici ölkələrə pambıq tədarük edən ölkələrdən biridir. Pambıqçılıqda əldə olunan göstərici çox yaxşıdır, amma bu, istehal sahəsində uğurlu nəticə kimi qəbul edilə bilməz”.
R.Abbasbəyli Azərbaycanda bir çox aqrar sahələrdə tədarükün azaldığını vurğulayıb:
“Pambıqçılığı çıxmaq şərti ilə bir sıra aqrar sahələrdə irəliləyişlər müşahid olunmur. Tütün məmulatların və dənli bitkilərin tədarükü azalıb. Dənli bitkilərin tədarükündə, demək olar ki, 70%-ə yaxın azalma var. Maldarlıq təsərrüfatında göstəricilər o qədər ürək açan deyil. Nəticə etibarı ilə Azərbaycan xaricdən mal əti idxalını iki dəfədən artırıb. Hələ ki, Azərbaycanda qeyri-neft sektorunda uğurla inkişaf edən və mühüm gəlirlər gətirən sahə yoxdur.
Doğrudur, ölkədə kiçik və orta sahibkarlıq subyektləri fəaliyyət göstərir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin son hesabatlarını nəzərdən keçirsək, görərik ki, qazlı və qazsız içməli suların istehsalında irəliləyişlər müşahidə olunur. Eyni zamanda süd və süd məhsullarının istehsalında 7.5% artım var. Aqrar sahədə pambıqçılıqdan savayı Quşçuluq təsərrüfatı da inkişaf edir”.
Ekspert sənaye məhsullarının istehalında da artımların olmadığını bildirib:
“Nə ağır, nə də yüngül sənayedə artım var. Bu sahəyə diqqətin ayrılması vacibdir. Yaxşı olardı ki, Azərbaycanda xırda məişət məhsulları istehsal edən müəssisələr qurulsun. Aqrar sahə ilə yanaşı, sənaye məhsullarının istehsalında da inkişaf olmalıdır”.
R. Abbasbəyli Azərbaycanda xammaldan məhsulların istehsal olunmasını da vacib hesab edib.
“Təəssüf ki, Azərbaycan neft sektorunda olduğu kimi qeyri-neft sektorunda da əldə etdiyi xammalı elə xammal şəklində xarici ölkələrə tədarük edir. Filiz və qızıl yataqlarından əldə olunan xammal da bura daxildir. Pambığı da xammal kimi tədarük edirik. Əvəzində isə xarici ölkələrdən eyni xammaldan istehsal olunan məhsullar idxal edirik”.
Yunis Abdullayev
"Cebhe.info"