Berlin məkrli Fransanı "küncə sıxışdırır"

Berlin məkrli Fransanı "küncə sıxışdırır"

“Azərbaycan-Almaniya münasibətləri daha da inkişaf etməyə doğru gedir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, son bir ay ərzində Azərbaycan ilə Almaniya arasında təmasların sayı artıb:

“Mən ötən ilin martında Almaniyaya dəvət edilmişdim və bu səfər baş tutdu. Prezident və Kanslerlə görüşlərim oldu. Kanslerlə biz, həmçinin fevral ayında Münxendə görüşdük. Bu dəfə isə mən COP29-a ev sahibliyi edən ölkənin Prezidenti qismində Petersberq Konfransına dəvət olunmuşam.

Bu, Almaniyada təşkil edilən ənənəvi konfransdır və adətən COP-a ev sahibliyi edən prezident oraya dəvət olunur. Bununla bərabər, orada Almaniyanın rəhbərliyi ilə görüşlər olacaq və hesab edirəm ki, hazırda bizim əməkdaşlığımız yaxşı məcrada inkişaf edir”.

Burada bir məqamı qeyd etmək vacibdir ki, Fransadan fərqli olaraq, Almaniya Azərbaycan və Ermənistana münasibətdə, o cümlədən Azərbaycan-Ermənistan sülh prosesində ədalətli və qərəzsiz mövqe sərgiləyir.

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimləri Sultan Zahidov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, Almaniya Azərbaycan və Ermənistan arasında sülh prosesinin nizamlanmasına dəstək verməyə hazırdır:

“Bildirib ki, Almaniya ilə Fransanın xarici siyasətində oxşar və fərqli cəhətlər var. Hazırda həm Almaniya, həm də Fransa Avropa İttifaqının möhkəmlənməsində maraqlıdır. Fərqli cəhətlərə gəlincə, Fransa tarixən öz xarici siyasətində hərbi ritorikaya üstünlük verdiyi halda, Almaniya isə daha çox dünya ölkələr ilə iqtisadi-ticari və enerji əlaqələrinin inkişafına üstünlük verir. Bu gün Almaniyada hərbi mədəniyyət inkişaf etməyib.

Almaniya öz xarici siyasətində daha çox iqtisadi-ticari təsir imkanlarını genişləndirməkdə maraqlıdır. Qeyd edim ki, Almaniyanın Cənubi Qafqazın üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistanla münasibətlərində iqtisadi-ticari və biznes sahələri daha qabarıq şəkildə özünü göstərir.

Fransadan fərqli olaraq, Almaniya Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin bərqərar olunmasının tərəfdarıdır. Almaniya, həmçinin Fransaya nisbətən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələr ilə daha sıx münasibətlər qurub”.

Politoloq bildirib ki, Almaniya da digər Qərb ölkələri ilə bərabər Rusiyanın Cənubi Qafqazda mövcudluğu ilə bağlı eyni mövqeyi bölüşür:

“Rusiya-Ukrayna müharibəsindən sonra Almaniyanın mövqeyində müəyyən dəyişikliklər baş verib. Bu, Rusiyanın Avropaya olan təhdidindən irəli gəlir. Bu da Almaniyanı Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələr ilə münasibətlərini daha da inkişaf etdirməyə vadar edib. Hazırda ABŞ, Böyük Britaniya və Fransa deyil, həmçinin Almaniya Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının məhdudlaşmasında maraqlıdır”. 

Yunis Abdullayev 
“Cebhe.info”