Azərbaycanda boşanmalara səbəb olan AMİLLƏR

Azərbaycanda boşanmalara səbəb olan AMİLLƏR

Azərbaycanda 2025-ci ildə 20 və daha yuxarı evlilik müddəti olan şəxslər arasında 2 681 boşanma hadisəsi qeydə alınıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son üç il ərzində boşanmaların ən böyük payı ardıcıl olaraq 10-19 il davam edən nikahların payına düşüb.

2025-ci ildə ümumi boşanmaların sayı 20 675 təşkil edib. Onlardan 7 354-ü 10-19 il davam edən nikahlara, 5 795-i 5 ilə qədər davam edən nikahlara, 4 845-i 5-9 illik nikahlara aid olub.

2024-cü ildə isə boşanmaların ümumi sayı 21 384 olub. Bu dövrdə 10-19 illik nikahlar üzrə 7 768, 5 ilə qədər davam edən nikahlar üzrə 5 715, 5-9 illik nikahlar üzrə 5 347, 20 il və daha artıq davam edən nikahlar üzrə isə 2 554 boşanma qeydə alınıb.

Mövcud statistikaya görə, 2023-cü ildə ölkədə 21 688 boşanma qeydə alınıb. Onlardan 7 735-i 10-19 il davam etmiş nikahlara aid olub. Həmin il 5 ilə qədər davam edən nikahlar üzrə 5 814, 5-9 illik nikahlar üzrə 5 805, 20 il və daha uzun müddət davam edən nikahlar üzrə isə 2 334 boşanma rəsmiləşdirilib.

20 il və daha artıq davam edən nikahlarda boşanmaların artması hansı səbəblərlə bağlıdır?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında sosioloq Nail Cəlil bildirib ki, müasir dövrdə insanları boşanması şəxsi seçimi kimi dəyərləndirilir:

"Son illərdə 20 il və daha artıq davam edən nikahların boşanması hallarının artması, statistikada xüsusi yer tutması bir sıra mühüm sosial, iqtisadi, psixoloji və demoqrafik amillərlə şərh olunur.

İlk növbədə, uzun illər davam edən nikahlar kənardan sabit görünə bilər. Amma istənilən ailə münasibətlərində müəyyən dövri böhranlar hər zaman baş verir. Bu isə o demək deyil ki, münasibətlər həmişə sağlam inkişaf etmir. 

Müəyyən fikir ayrılıqlarının və ziddiyyətlərin ortaya çıxması təbii və mümkündür. Yeni ailə quranlardan daha çox yaşlı nəslin boşanması müəyyən ziddiyyətli davranış modelləri ilə bağlıdır. 

Yeni Qərb modeli istər-istəməz insanlarda nümunəyə çevrilib. Daha çox özünü ifadə etmək, özünü daha geniş məkanda hiss etmək istəyi belə addımların atılmasını qaçılmaz edir. 

Tərəflər uzunmüddətli münasibətlər çərçivəsində zamanla dəyişirlər, bir-birlərini həzm etmək istəmirlər. Uşaqların böyüməsi, təhsilini başa vurması, ailədə birincilik iddiaları, tərəflərin bərabərlik modelinə keçid cəhdləri, öhdəlikləri azaltmaq və məsuliyyəti qarşı tərəfin üzərinə yükləmək istəkləri boşanmaların artmasına səbəb olur".

Onun sözlərinə görə, əvvəllər insanlar boşanmanı qınaq obyektinə çevirirdilərsə, artıq onu problemin asan həlli yolu kimi qiymətləndirirlər:

"Ona görə də ictimai qınaq da bu istiqamətdə dəyişib, zəifləyib. Ənənəvi dəyərlərin təsiri öz qüvvəsini saxlasa belə, ictimai rəy boşanmaların tərəfindədir. İnsanlar çətinlikləri və fikir ayrılıqlarını qəbul etmək istəmirlər, müstəqil həyatı daha üstün tuturlar. İnsanlar öz güclərini özlərinə saxlamaq istəyir, bunu həyat yoldaşına və uşaqlarına sərf etmək istəmirlər.

İnsan boşanarkən keçmişdə yaşadıqlarını unutmağa, yeni münasibətin onda olan travmaları aradan qaldıracağına ümid edir. Orta və yuxarı yaş qruplarında şəxsi inkişaf, emosional yorğunluq, özünü ifadə etmək istəyi, əmlaka və müəyyən təsir imkanlarına malik olmaq kimi amillər insanları belə riskli addımlar atmağa sövq edir".

O qeyd edib ki, 20 il davam edən nikahlarda boşanmanı ailə institutunun zəifləməsi deyil, ailə institutunun transformasiyası kimi dəyərləndirirəm:

"Ailədaxili münasibətlərin dəyişməsi, sosial davranış modellərinin yenilənməsi bu prosesdə önə çıxan meyarlardandır. Düşünürəm ki, bu məsələnin həlli istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə müəyyən strategiyalar hazırlanmalıdır. Bu işə peşəkarlar, sosioloqlar və tədqiqatçılar cəlb olunmalıdır".

Gülər Həsənli 
"Cebheinfo.az"