İnklüziv Peşəyə hazırlıq: maarifləndirici dəyirmi masa

İnklüziv Peşəyə hazırlıq: maarifləndirici dəyirmi masa

“Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi (MİDİB) icra etdiyi "Ali təhsil müəssisələrində inklüziv peşə hazırlığı mərkəzlərinin təşkilinin təşviqi" adlı layihəsi çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin “Sosial-mədəni fəaliyyət” kafedrası ilə birlikdə aprelin 17-də universitetin müəllim və tələbələri üçün maarifləndirici dəyirmi masa təşkil edib.

"Cebhe.info" xəbər verir ki, tədbiri ADMİU-nun “Sosial-mədəni fəaliyyət” kafedrasının müdiri, dosent Sevinc Əskərova açıq elan edib. O, tədbir iştirakçılarını salamladıqdan sonra rəhbərlik etdiyi kafedranın fəaliyyəti, görülmüş və görülən işlər haqqında məlumat verib. S.Əskərova çıxışında ictimai birlik tərəfindən icra olunan layihənin aktuallığını və əhəmiyyətini xüsusilə qeyd edib. O, ölkəmizdə bu cür mərkəzlərin təşkilinin və fəaliyyətinin vacibliyini qeyd edərək əlavə edib ki, cəmiyyətimizdə inklüziv peşə hazırlığı sosial baxımdan həssas əhali qrupunun üzvləri ilə Əlilliyi Olan Şəxslər (ƏOŞ) üçün çox faydalı ola bilər. Ona görə də bu istiqamətdə maarifləndirmə işləri davam etdirilməli və kafedra müəllimləri ilə tələbələri sözügedən sahədə öz dəstəklərini əsirgəməməlidirlər.  

Sonra sözügedən layihənin rəhbəri və MİDİB-in icraçı direktoru Arif Nəcimov ictimai birliyin fəaliyyəti və icra olunan layihə haqqında çıxış edib. O, layihənin məqsədi, vəzifələri, BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM) içərisində bəzi məqsədlərin inklüziv peşə hazırlığı mərkəzləri ilə əlaqəsindən, həmçinin layihənin icrası müddətində nəzərdə tutulmuş növbəti tədbirlər barəsində dəyirmi masa iştirakçılarına ətraflı məlumat verib. A.Nəcimov qeyd edib ki, layihənin məqsədi ölkəmizin sosial baxımdan həssas əhali qrupunun üzvləri ilə əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasında müəyyən peşələrin ATM-də inklüziv peşə hazırlığı mərkəzlərinin sosial sahibkarlıq (biznes) modeli əsasında təşkilinin əhəmiyyətini təşviq etməkdir.

Layihənin vəzifələrindən danışan A.Nəcimov əlavə edib ki, ƏOŞ-lərin daha inklüziv fiziki və sosial mühitdə yaşamaları, təhsil almaları və müəyyən peşə öyrənib bir fərdi sosial sahibkar və ya hər hansısa təşkilatda işçi kimi çalışmalarını təmin etmək üçün bəzi peşəkar mütəxəssislərin (sosial işçilərin, pedaqoqların, mühəndislərin, iqtisadçıların, uyğun QHT-lərin və sosial sahibkarlıqla məşğul olanların), həmçinin elmi-tədqiqatçıların diqqətini sözügedən məsələyə çəkməkdir. 

Çıxışlar tədbirdə iştirak edən ADMİU-nun müəllimlərinin və tələbələrin cari layihə barədə müəyyən rəylərin və təkliflərin müzakirəsi ilə davam edib. Yekunda layihənin rəhbəri əlavə edib ki, sözügedən layihə çərçivəsində maarifləndirici dəyirmi masalar digər ATM-də də təşkili nəzərdə tutulub, həmçinin toplanmış rəylər və tövsiyyələr Elm və Təhsil Nazirliyi ilə digər aidiyatı dövlət təşkilatlarına təkliflər paketi kimi hazırlanıb təqdim olunması da planlaşdırılıb. 

Sözügedən layihənin icra olunmasında və təşkil olunacaq növbəti tədbirlərdə ATM-lərdən başqa bütün maraqlı və uyğun olan hər bir vətəndaş, fiziki və ya hüquqi şəxs MİDİB ilə (eMail: [email protected]) əlaqə saxlaya bilər. Tədbirlərdə iştirak etmək və ya MİDİB ilə əməkdaşlıqda maraqlı olan hər bir şəxs e-mail ilə ictimai birliyə müraciət edə bilər.

"Cebhe.info"