Azərbaycanda vətəndaş cəmiyyətinin rolu artırılır

İSTİQAMƏT: 6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
Vətəndaş cəmiyyətinin inkişaf etdiyi ölkələr daha cəlbedici mühitə sahib olur. Burada insanların məlumatlılıq, eyni zamanda öz hüquqlarını bilmə faizi daha yüksək olur ki, bu da dövlət qurumları üzəriində ictimai nəzarət mexanizmini daha da sadələşdirir.
Söhbət büdcədən maliyyələşən dövlət qurumları üzərində ictimai nəzarəti həyata keçirmək və onlarının hesabatlılıq, şəffaflıq indeksini yüksəklətməkdən gedir. Bütün bunlar isə hüquqi dövlət quruculuğunun əsas baza elementləri hesab olunur. Bu istiqamətdə əsas yük isə vətəndaş cəmiyyətinin üzərinə düşür. Vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğunda əsas rola sahib olan tərəfdir.
İstər ictimai nəzarət, istərsə də əhalinin maarifləndirilməsi məsələsində vətəndaş cəmiyyətinin üzərinə böyük yük düşür. Nəzərə alsaq ki, dünya günü-gündən dəyişir, yeni reallıqlar yaranır, vətəndaş cəmiyyəti də bu reallıqlarla ayaqlaşmaq üçün daim yenilənməli və özünüinkişaf mexanizmindən yayınmamalıdır.
Vətəndaş cəmiyyəti ümumilikdə dövlət və kommersiya fəaliyyətinə nisbətən müstəqil olan ayrı-ayrı fərdlərin və qrupların öz maraqları və dəyərləri naminə əməkdaşlıq etdiyi ictimai sferadır. Vətəndaş cəmiyyətinin struktur elementlərini cəmiyyətin sferalarına görə aşağıdakı kimi təsnif etmək olar:
İqtisadi sferada vətəndaş cəmiyyətinin struktur elementlərini vətəndaşların öz şəxsi təşəbbüskarlıqları ilə yaratdıqları qeyri-dövlət müəssisələri, korperativlər, icarə kollektivləri, birliklər, aksioner təşkilatları, korporasiyalar və vətəndaşların digər könüllü birlikləri təşkil edir.
Vətəndaş cəmiyyətinin sosial-siyasi sferasını aşağıdakı elementlər təşkil edir: ailə, ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeri və ya əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünüidarəetmə orqanları. İctimai fikrin formalaşması və ifadə edilməsi mexanizmlərinin üzə çıxarılması və həmçinin sosial konfliktlərin həlli də vətəndaş cəmiyyətinin bir sferasıdır.
Qeyri-dövlət, müstəqil media da vətəndaş cəmiyyətinin əsas təmsilçiləri sırasında yer tutur. Vətəndaş cəmiyyətinin mənəvi sferasına isə bu elementlər daxildir: söz, fikir azadlığı, öz mövqeyini açıq ifadə etmək imkanı, yaradıcı, elmi və digər öz fəaliyyət birliklərinin dövlət və siyasi strukturlardan asılı olmaması və müstəqilliyi. Vətəndaş cəmiyyətinin bütün bu prinsipləri nəzərə alaraq göstərdiyi fəaliyyət isə birbaşa hüquqi dövlət quruculuğunda iştirakını təmin edir.
Mövzu ilə bağlı "Cebhe.info"-ya danışan Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib ki, hüquqi dövlət quruculuğu prosesində vətəndaş cəmiyyətinin rolu çox böyükdür:
“Xüsusilə də qeyri-hökumət təşkilatlarının, medianın bu istiqamətdə böyük rolu var. Ən əsas aparıcı proseslərdən biri olan ictimai nəzarətin təşkili və maarifləndirmə prosesinin aparılması vətəndaş cəmiyyəti əsas aparıc tərəfdir. İctimai nəzarət mexanizmində vətəndaş cəmiyyəti dövlət büdcəsindən maliyyələşən təşkilatların vəsaiti düzgün xərcləməsi, qəbul edilən qərarların icrasının düzgün gerçəkləşdirilməsi, vətəndaşların hüquqlarının qorunması və digər bu kimi məsələlərdə iştrakçı olmalıdır. Bu istiqamətdə vətəndaş cəmiyyətinin fəaliyyətini görürük və görmək də istəyirik. Bunların fəallığı bu sahədə şəffaflığın, hesabatlılığın təmin olunmasında çox mühim və böyük rola malikdir”.
M.Göyüşlü əlavə edib ki, qəbul edilən qərarların vətəndaşlara çatdırılmasında da vətəndaş cəmiyyəti aktiv rol alır:
“Qanunvericilik aktlarının, dövlət qurumlarının qəbul etdiyi qərarların əhaliyə çatdırılması zamanı vətəndaş cəmiyyətinin fəaliyyətinə ciddi ehtiyac yaranır. Burada da vətəndaş cəmiyyətinin rolunu daha geniş şəkildə görmək istəyirik. Çünki nə qədər çox savadlılıq, məlumatlılıq olarsa, o qədər pozuntuların, problemlərin azaldığını görə bilərik. Eyni zamanda, məlumatlı vətəndaş dövlət qurumları qarşısında öz hüquqlarını qorumaq məsələsində kifayət qədər aktivlik nümayiş etdirə bilir. Bütün bunlar vətəndaş cəmiyyətinin hüquqi dövlət quruculuğundakı rolunu göstərir. Dünyada da bu istiqamətdə çoxsaylı nümunələr var. Azərbaycanda vətəndaş cəmiyyəti kifayət qədər gücə və potensiala malikdir. Lakin mövcud durum bizi qane edə bilməz. Çünki cəmiyyət inkişaf edir və Prezidentin, xalqın gözləntiləri daha çoxdur. Hüquqi dövlət quruculuğu prosesi bu gün də davam edir və ona görə də vətəndaş cəmiyyətinin daha da fəal olması lazımdır. Daha yaradıcı, kreativ və yeni layihələrlə çıxış edərək hüquqi dövlət quruculuğu prosesini genişləndirmək lazımdır. Düşünürəm ki, gələcəkdə də biz bunun şahidi ola biləcəyik”.
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Vilayət Muxtar
“Cebhe.info”